CƏMİYYƏT
Mərkəzi Asiya və Qafqaz ölkələri balıqçılıq təsərrüfatının və akvakulturanın təkmilləşdirilməsi yolunda irəliləyirlər
Bakı, 13 iyun, AZƏRTAC
Mərkəzi Asiya və Qafqaz ölkələri balıqçılıq təsərrüfatının və akvakulturanın təkmilləşdirilməsi yolunda irəliləyirlər.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bişkekdə keçirilən seminarların əsas mövzuları Mərkəzi Asiyada və Qafqazda balıqçılıq təsərrüfatının və akvakulturanın təkmilləşdirilməsi məsələləri ilə bağlıdır. Birinci seminar balıq ehtiyatlarının bərpası və akvakultura əsasında balıqçılıq təsərrüfatı haqqında biliklərin yayılmasına, ikincisi balıq yemi istehsalının inkişafına dair layihənin icrasına həsr olunub.
Mərkəzi Asiyanın və Qafqazın daxili sututarlarında sənaye üsulu ilə balıqçılıq (“CACFish”) 1990-cı illərdə ciddi tənəzzülə uğrasa da, hazırda bərpa mərhələsindədir.
FAO-nun akvakultura üzrə mütəxəssisi Atilla Özdəmir deyib: “Mərkəzi Asiya ölkələrinin çoxunun zəngin daxili su resursları, yəni şirinsulu akvakulturaya yararlı çay və gölləri var. Lakin keçid iqtisadiyyatlı ölkələrdə kollektiv təsərrüfatlar dağılandan sonra hazırda bu regionlarda balıq istehsalının azalması müşahidə olunur”.
Bu problemlər 2008-ci ilin sonunda FAO-nun himayəsi altında “CACFish” regional balıqçılıq təsərrüfatının yaradılmasını şərtləndirib. “CACFish”in məqsədi canlı su resurslarının inkişafına, qorunub saxlanılmasına, istifadə olunmasına və səmərəli idarə olunmasına, habelə akvakulturanın sabit inkişafına kömək etməkdir.
Regional seminar “CACFish” üzvü olan beş ölkənin və beş müşahidəçi ölkənin akvakultura əsasında balıqçılıq təsərrüfatı haqqında biliklərini genişləndirməyə imkan verib. Seminarda müvafiq növlərin seçim meyarları, daxili sututarlarda balıqçılığın təkmilləşdirilməsinin əsas metodları, ehtiyatların artırılması və nərəkimilərin populyasiyasının bərpası məsələləri müzakirə edilib.
FAO-nun balıqçılıq üzrə mütəxəssisi Ramazan Çələbi deyib: “Üzv və müşahidəçi ölkələr öz hesablamalarının nəticələrini təqdim ediblər ki, bu ölkələrdə balıq ehtiyatları, balıqların populyasiyasının bərpası və akvakultura əsasında balıqçılıq təsərrüfatları ilə bağlı işlərin vəziyyəti barədə FAO-nu və bir-birini məlumatlandırsınlar”.
Bundan əlavə, FAO Mərkəzi Asiyada balıq yemi istehsalının inkişafı məsələləri ilə bağlı balıqçılara və hakimiyyət orqanlarına məsləhət xarakterli yardım göstərilməsinə yönəldilmiş layihənin icrasına başlayıb. Region üçün prioritet olan bu məsələ “CACFish”in sessiya iclaslarından birində nəzərdən keçirilib.