CƏMİYYƏT
Mərkəzi Asiya və Rusiya müsəlmanlarının dini liderləri Nur-Sultan şəhərində toplaşıblar
Bakı, 11 aprel, AZƏRTAC
Mərkəzi Asiya və Rusiya müsəlmanlarının dini liderləri Nur-Sultan şəhərində toplaşıblar.
AZƏRTAC “Kazinform” informasiya agentliyinə istinadla xəbər verir ki, dini liderlər Qazaxıstan paytaxtında keçirilən “Mənəvi İpək yolu. İslam və gənclər: yeni çağırışlar” konfransında iştirak edirlər.
Konfransın açılışında çıxış edən Qazaxıstanın informasiya və ictimai inkişaf naziri Dauren Abayev müasir gənclərin dinə münasibəti, bu sahədə irəli sürülən təşəbbüslərin dövlət tərəfindən dəstəklənməsi, məşğulluq problemi və digər məsələlərdən bəhs edib. O əlavə edib ki, Qazaxıstan müstəqilliyini əldə etdikdən sonra bütün dini konfessiyalara hörmətlə yanaşıb.
Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin bildirib ki, bir çox radikal dini cərəyanlar gəncləri ələ keçirmək üçün əsl döyüş meydanı açıblar. O, gənclərin düzgün yol seçməsi üçün din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Qeyd edib ki, bu sahədə konfransda irəli sürülən təkliflərin uğurla həyata keçirilməsi üçün ənənəvi dini məktəblər müasir dövrün qlobal çağırışlarına münasibətdə daha fəal mövqe nümayiş etdirməlidir.
“Mənəvi İpək yolu” layihəsi çərçivəsində analoji tədbirlər Çin, Rusiya və Qırğızıstanda da təşkil olunub.