İQTİSADİYYAT
Mərkəzi Bank Azərbaycan Beynəlxalq Bankına 236 milyon ABŞ dolları həcmində vəsait satıb
Bakı, 5 iyul, AZƏRTAC
Ölkədə dayanıqlı makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması, gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu çərçivədə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən bir sıra mühüm tənzimləyici tədbirlər icra edilib, o cümlədən Hökumət və bankın idarəetmə orqanları ilə birlikdə Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması (ABB) və onun institusional fəaliyyətinin müasir standartlara uyğunlaşdırılması üzrə yüksək nailiyyətlər əldə olunub.
AMB-dən AZƏRTAC-a bildirilib ki, əldə edilmiş nəticələrin dayanıqlığının təmin olunması, bankın sabitliyinin daha da gücləndirilməsi və ötən dövrdən qalan valyuta mövqeyinin tənzimlənməsi məqsədilə Mərkəzi Bankın xarici valyuta ehtiyatlarından istifadə etməklə banka 236 milyon ABŞ dolları həcmində vəsait satılıb.