İQTİSADİYYAT
Mərkəzi Bank Azərbaycanda zərərlə işləyən bankların sayının artması ilə bağlı məsələyə aydınlıq gətirmişdir
Bakı, 11 iyun (AZƏRTAC). Mərkəzi Bankın kommunikasiya departamentindən AZƏRTAC-a bildirmişlər ki, son vaxtlar kütləvi informasiya vasitələrində bank sistemində depozitlərin həcminin azalması və zərərlə işləyən bankların sayının artması ilə əlaqədar müxtəlif şərhlər verilməkdədir.
Mərkəzi Bank bununla əlaqədar bildirir ki, depozitlərin dinamikası iqtisadi tsikldən, mövsümi amillər və digər səbəblərdən asılı olaraq əmanətçilərin fərdi davranışındakı dəyişiklikdən təsirlənir.
Cari ilin aprel ayı ərzində depozitlərin həcmində müşahidə olunmuş azalma sistem xarakteri daşımamış və may ayında bankların depozitlərinin həcmi bərpa olunmuş, aprel ayındakı azalmanı üstələmişdir.
Bütövlükdə isə, son on ildə depozitlərin həcmi orta illik 40 faiz, 2013-cü ildə 25 faiz, cari ilin beş ayında 5 faiz artmışdır.
Zərərlə işləyən bankların sayının artımı isə bankların aktivlər üzrə daha konservativ ehtiyatlanma siyasəti tətbiq etməsi ilə bağlı olmuşdur. Bu bankların maliyyə dayanıqlığına, onların fəaliyyətinə hər hansı risk və ya təhlükə yaratmır. Qeyd edilən göstəricilər bankların ilk beş aydakı fəaliyyətinin nəticəsidir.
Bir daha qeyd edirik ki, bank sisteminin maliyyə dayanıqlığı göstəriciləri stabildir, likvidlik mövqeyi yüksəkdir, kapitallaşma səviyyəsi adekvatdır.