İQTİSADİYYAT
Mərkəzi Bank Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycanda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının sabiq rəhbəri Məhəmməd əl-Qorçi və missiyanın yeni rəhbəri Natalia Tamirisa ilə Mərkəzi Bankın sədri Elman Rüstəmovun görüşündə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bankdan AZƏRTAC-a bildirilib ki, görüşdə M.Qorçi onun ölkəmiz üzrə missiya rəhbəri vəzifəsində çalışdığı zaman BVF-nin Azərbaycanda görülmüş işləri barədə məlumat verib. O, BVF-nin Azərbaycan üzrə yeni missiya rəhbərini təqdim edib və onun fondun fəaliyyətinin müxtəlif istiqamətlərində geniş tərcübəsini xüsusi vurğulayıb.
E.Rüstəmov Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkədə əldə olunmuş sürətli sosial-iqtisadi inkişaf, bərqərar olmuş ictimai-siyasi sabitlik sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və beynəlxalq əməkdaşlıq üçün cəlbediciliyinin daim artdığını və belə əməkdaşlığın mühüm istiqamətlərindən birini nüfuzlu beynəlxalq maliyyə-kredit institutları, o cümlədən BVF ilə əlaqələrin təşkil etdiyini qeyd edib.
Mərkəzi Bankın sədri bu istiqamətdə M.Qorçinin Azərbaycan üzrə missiyaya rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirib və təşəkkürünü bildirib.
E.Rüstəmov missiyanın yeni rəhbəri N.Tamirisaya Azərbaycanda həyata keçiriləcək fəaliyyətində uğurlar arzulayaraq BVF və Mərkəzi Bank arasında formalaşmış əməkdaşlıq, ölkədəki makroiqtisadi vəziyyət, iqtisadiyyatın şaxələnməsi və qeyri-neft sektorunun inkişafı, ölkənin xarici mövqeyi, bankın pul siyasəti istiqamətləri və bu sahədə keçirilən islahatlar barədə ətraflı məlumat verib.
N.Tamirisa ölkəmizdə müşahidə olunan iqtisadi artım, makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş işləri, aparılan islahatları müsbət qiymətləndirərək təmsil etdiyi qurumun bundan sonra da ölkəmizə texniki yardımın göstərilməsinə və müvafiq məsləhətləşmələrdə iştirak etməsinə hazır olduğunu bildirib. O, BVF-nin Azərbaycana dəstəyinin bundan sonra da davamlı olaraq genişləndirilməsi istiqamətində çalışacağını qeyd edib.