İQTİSADİYYAT
Mərkəzi Bank: Daşınmaz əmlak krediti üzrə ilkin ödənişə dair tələblər sərtləşdirilməyib
Bakı, 12 avqust, AZƏRTAC
Daşınmaz əmlak krediti üzrə ilkin ödənişə dair tələblər sərtləşdirilməyib.
Azərbaycan Mərkəzi Bankından AZƏRTAC-a bildirilib ki, 2022-ci il 22 iyul tarixli Qərarı ilə təsdiq edilmiş “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”da daşınmaz əmlak krediti üzrə ilkin ödənişə dair tələblər sərtləşdirilməyib, əksinə yumşaldılıb.
Yeni qaydanın qəbulundan sonra daşınmaz əmlak krediti mülkiyyətində yaşayış sahəsi olmayan fiziki şəxs tərəfindən alındıqda və həmin yaşayış sahəsinin ipotekası ilə təmin edildikdə kreditin təminata nisbəti əmsalına dair tələb yumşaldılaraq 70 faizdən 85 faizə qaldırılıb (yəni, ilkin ödəniş minimum 30 faizdən 15 faizə salınıb). Digər daşınmaz əmlak kreditləri üzrə kreditin təminata nisbəti əmsalına dair tələb isə 2018-ci il noyabrın 16-dan etibarən tətbiq edildiyi kimi maksimum 70 faiz həddində saxlanılıb. Bununla yanaşı qeyd edək ki, Mərkəzi Bankın sözügedən tələbləri yalnız bankların daxili daşınmaz əmlak kreditlərinə şamil edilir.
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinə dair tələblər Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası” ilə tənzimlənir.