İQTİSADİYYAT
Mərkəzi Bank: İnflyasiyaya təsir imkanlarını genişləndirmək üçün pul siyasəti rejiminin təkmilləşdirilməsi işləri davam etdiriləcək
Bakı, 30 dekabr, AZƏRTAC
2020-ci il və ortamüddətli dövr ölkədə yeni iqtisadi inkişaf modelinə keçid baxımından mühüm strateji horizont hesab olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.
Bəyanatda qeyd edilir ki, bu dövrdə də qiymətlər sabitliyi və maliyyə sektorunun stabilliyinin qorunması, habelə maliyyə sektorunun inkişafı makroiqtisadi və makroprudensial siyasətlərin mühüm prioritetlərindən olacaq. Mərkəzi Bank makroiqtisadi və maliyyə sabitliyi vasitəsilə iqtisadi artım və sosial rifahın yaxşılaşması üçün münbit şəraitin yaradılmasına dəstək verəcək. Pul siyasəti dayanıqlı iqtisadi artım üçün vacib şərtlərin təmin edilməsində mühüm rol oynayacaq. Pul siyasəti bundan sonra da işgüzar mühitin, sosial stabilliyin və rəqabət qabiliyyətinin mühüm elementi olan qiymət sabitliyinə fokuslaşacaq. İnflyasiyaya təsir imkanlarını genişləndirmək üçün pul siyasəti rejiminin təkmilləşdirilməsi işləri davam etdiriləcək. Maliyyə sektorunun dayanıqlığının gücləndirilməsi, maliyyə vasitəçiliyinin və maliyyə bazarlarının inkişafı istiqamətində səylər gücləndiriləcək.