İQTİSADİYYAT


Mərkəzi Bank İtaliya Milli Mikrokredit Agentliyi ilə əməkdaşlıq edəcək

Bakı, 25 fevral, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı (AMB) ilə İtaliya Respublikasının Milli Mikrokredit Agentliyi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

AMB-dən AZƏRTAC-a bildirilib ki, sənədi Mərkəzi Bankın sədri Elman Rüstəmov və İtaliya Milli Mikrokredit Agentliyinin prezidenti Mario Baççini imzalayıblar.

Memorandumun məqsədi Azərbaycan Respublikasında mikrokredit və mikromaliyyə alətlərinin yaradılması, inkişafı təcrübəsinin mübadiləsi sahəsində tərəflər arasında əməkdaşlığı təşviq etməkdən ibarətdir.

Sənədə əsasən, iki təşkilat arasında mikrokredit alətlərinin təşviq edilməsi, hüquqi və tənzimləyici çərçivənin inkişafı, monitorinqi və qiymətləndirilmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətlərdə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, bu əməkdaşlıq mikromaliyyə xidmətləri sahəsinin inkişafı və mikromaliyyələşmə fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə bu sahədə xarici tərəfdaş təşkilatlar ilə təcrübə mübadiləsi imkanlarının artırılmasında mühüm rol oynayacaq.

Nəzərdə tutulan əməkdaşlıq ölkəmizin Prezidenti İlham Əliyevin iqtisadiyyatın inkişafında maliyyə sektorunun rolunun artırılması üzrə irəli sürdüyü vəzifələrin uğurla reallaşmasına, xüsusilə kiçik və orta sahibkarlığın maliyyə xidmətlərinə çıxışının daha da yaxşılaşdırılmasında kredit institutlarının rolunun yüksəldilməsinə də töhfə verəcək.

Qeyd edək ki, İtaliya Respublikasının Milli Mikrokredit Agentliyi Avropa İttifaqı tərəfindən təşviq edilən və maliyyələşdirilən mikro-maliyyə alətlərinin təşviqi, tənzimlənməsi, qiymətləndirilməsi və monitorinqini həyata keçirən milli agentlikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.