İQTİSADİYYAT


Mərkəzi Bank “Tədiyə balansı” haqqında animasiya hazırlayıb

Bakı, 21 may, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankının (AMB) əhali arasında apardığı maarifləndirmə işlərinin əhatəsini daha da genişləndirmək üçün istifadəyə verdiyi öz elektron resursu - "Maliyyə savadlılığı" portalında (www.bizimpullar.az) "Tədiyə balansı" haqqında animasiya yerləşdirib.

AMB-dən AZƏRTAC-a bildirilib ki, müxtəlif hədəf qrupların maarifləndirilməsi məqsədilə hazırlanmış animasiyada nümunələr əsasında müəssisə, təşkilat və ailələrin il ərzində xarici ölkələrlə apardığı iqtisadi əməliyyatların uçota alındığı tədiyə balansı haqqında məlumatlar verilir.

Keçid linki: https://bizimpullar.az/video-126 olan animasiyanın hazırlanmasında əsas məqsəd tədiyə balansı anlayışını izah etməklə, onun strukturu və formalaşması barədə hədəf qruplarını məlumatlandırmaq və bu sahədə savadlılığı artırmaqdır.

Mərkəzi Bank tərəfindən istehlakçıların maliyyə savadlılığının artırılması məqsədilə müxtəlif səpkili maarifləndirmə və təbliğat-təşviqat tədbirləri ilə yanaşı, "Maliyyə savadlılığı" portalının məzmunu da mütəmadi zənginləşdirilir. Portal vasitəsilə iqtisadiyyat, xüsusilə də maliyyə sahəsində informativ materiallarla, bank xidmətləri və mərkəzi bankçılığa dair izahedici animasiyalarla, virtual muzey və məktəblilər üçün rubrikalarla tanış olmaq, eləcə də iqtisadi məzmunlu oyunlardan və kalkulyatorlardan istifadə etmək mümkündür.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş "Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə prioritet istiqamət kimi müəyyənləşdirilmiş "Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması" hədəfinin icrası ilə bağlı tədbirlərin dəstəklənməsini cari ildə də davam etdirir. Maliyyə xidmətləri istehlakçılarının maarifləndirilməsinə yönəlmiş bu tədbirlərin əhatəliliyini təmin etmək üçün müasir intellektual vasitələrdən istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.