İQTİSADİYYAT
Mərkəzi Bank Temenos T-24 Baş Mühasibat Sisteminin yeni versiyasına keçidi reallaşdırmışdır
Bakı, 21 fevral (AZƏRTAC). Azərbaycan Mərkəzi Bankı altı aylıq uğurlu implementasiyadan sonra ölkədə ilk dəfə Temenos T-24 Baş Mühasibat Sisteminin (BMS) yeni versiyasına keçidi reallaşdırmışdır.
Bankın kommunikasiya departamentindən AZƏRTAC-a bildirmişlər ki, Temenos BMS-in yeni versiyasının implementasiyası zamanı qiymətli kağızlar, kreditlər, valyuta, pul bazarı, “ARC teller”, vəsaitlərin transferi, açıq maliyyə xidmətləri və hesabatlıq modulları yenilənmişdir.
Yeni versiya maliyyə əməliyyatlarının emal sürətini əhəmiyyətli dərəcədə artırmağa, daha təhlükəsiz interfeys kanalları yaratmağa, dəstəklənmə xərclərini azaltmağa, informasiya sisteminin etibarlı və davamlı istismarına imkan verəcəkdir. Onun yaratdığı bu imkanlar yüksək əhatəliliyin təmin olunması, sistem məhsuldarlığının optimallaşdırılması, biznes proseslərinin tam avtomatlaşdırılması və informasiya sistemlərinin dəstəklənmə xərclərinin minimuma endirilməsi ilə bağlı Mərkəzi Bankın gözləntilərini həyata keçirməyə və bu əsasda strateji məqsədlərə çatmağa yardım edəcəkdir.
Mərkəzi Bankda Temenos BMS-i 2010-cu ildən etibarən uçot, əməliyyat və idarəetmə sahələrinin avtomatlaşdırılması istiqamətində tətbiq edilməkdədir. Hazırda Temenos BMS-ə Mərkəzi Bankın regional mərkəzləri və səkkiz dövlət orqanı on-line rejimində inteqrasiya olunmuşdur.