REGİONLAR
Mərkəzi Bank "Maliyyə savadlılığı ayı"na Gəncədə start verib
Bakı, 14 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Mərkəzi Bankı "Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin "Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması" adlı hədəfinin icrası ilə əlaqədar "Beynəlxalq Əmanət Günü" və "Maliyyə savadlılığı ayı" çərçivəsində Gəncə şəhərində tələbə-gənclər və təqaüdçülər üçün seminarlar keçirib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, cari il oktyabrın 31-dən noyabrın 2-dək Mərkəzi Bankın Gəncə Regional Mərkəzində təşkil olunmuş bu seminarlarda "Üçüncü bahar" sosial layihə iştirakçıları olan təqaüdçülərə, "ASAN Könüllüləri"nə və Azərbaycan Texnologiya Universitetinin tələbələrinə Maliyyə savadlılığı portalı (bizimpullar.az) və Virtual təhsil platforması (edu.e-cbar.az), bank əməliyyatları, kredit, pulun təhlükəsizlik elementləri, nağdsız ödənişlər mövzuları tədris olunub. İştirakçılara mövzulara dair animasiyalar nümayiş etdirilib, müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.
Seminarlarla yanaşı, "Gəncə Mall" ticarət mərkəzində və Gəncə "ASAN xidmət" mərkəzində təbliğat-təşviqat tədbirləri keçirilib, əhaliyə Maliyyə savadlılığı portalı (bizimpullar.az) və Virtual təhsil platforması (edu.e-cbar.az) haqqında məlumatlar verilib, müxtəlif maarifləndirici bukletlər paylanıb.
Mərkəzi Bankın təşəbbüsü ilə tələbə-gənclər üçün bu səpkili seminarların, eləcə də əhalinin maliyyə bilikləri və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif tədbirlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur.