İQTİSADİYYAT
Mərkəzi Bank aktuari proqramı elan edib
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən sığorta bazarının inkişafı və onun maliyyə dayanıqlılığının gücləndirilməsi, həmçinin bu istiqamətdə əhəmiyyətli rola malik, müasir bilik və bacarıq tələblərinə cavab verən aktuarilərin sayının artırılması məqsədilə beynəlxalq səviyyədə təşkil olunan aktuari inkişaf proqramına qəbul açıq elan olunub.
AMB-dən AZƏRTAC-a bildirilib ki, proqrama Universitetlərin Aktuari, Sığorta, İqtisad, Maliyyə, Riyaziyyat, Statistika, Ekonometriya üzrə bakalavr və magistr pilləsinin məzunları olan 35 yaşınadək şəxslər müraciət edə bilərlər. Nəzəri və təcrübə hissələrdən ibarət 4 hissəli proqram 13 ay davam edəcək. Hər mərhələnin sonunda iştirakçıların imtahan verməsi və uğurlu olduqları təqdirdə növbəti mərhələyə keçməsi nəzərdə tutulur. Mərhələləri uğurla başa vurmuş namizədlərin sığorta şirkətlərində təcrübəyə cəlb olunması təmin ediləcək. Proqramı müvəffəqiyyətlə tamamlayan namizədlərin sığorta şirkətlərində işlə təmin olunma imkanları yüksəkdir. Dərslər Türk Sığorta Enstitüsü Vakfı (TSEV) və yerli mütəxəssis/ekspertlər tərəfindən onlayn və ənənəvi formada keçiriləcək. Kursun proqramına Riyaziyyat, İqtisadiyyat, Sığortanın əsasları, Maliyyə riyaziyyatı, Mühasibatlıq və maliyyə hesabatları, Sığorta riyaziyyatı, Həyat və qeyri-həyat, Risk analizi və aktuari modelləmə, Maliyyə nəzəriyyəsi və tətbiqlər, Maliyyə, investisiya və risk idarəetməsi, Qeyri-həyat sığortaları, Həyat sığortaları, Tibbi sığorta daxildir.
Proqramda iştirak etmək istəyənlər CV-lərini “[email protected]” elektron ünvanına oktyabrın 31-dək göndərə bilərlər.
Proqram ödənişsizdir.