İQTİSADİYYAT


Mərkəzi Bank icbari sığorta üzrə “şikayət indeksi”ni açıqlayıb

Bakı, 5 oktyabr, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunun inkişafı, sığorta xidmətlərinə ictimai etimadın, xüsusilə, sektorun maliyyə dayanıqlığının və sığorta istehlakçılarına qarşı daha ədalətli rəftarının gücləndirilməsi məqsədilə fəaliyyətini davam etdirir. Həyata keçirilən islahatlar çərçivəsində atılan addımlardan biri də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü (avto-icbari sığorta) üzrə baş verən sığorta hadisələrinin ədalətli tənzimlənməsi və risk faktorlarına əsaslanan sığorta haqlarının müəyyən olunması mexanizmlərinin yaradılmasıdır.

AMB-dən AZƏRTAC-a bildirilib ki, avto-icbari sığorta sahəsində istehlakçıların məlumatlığının və sığortaçıların istehlakçılara münasibətdə ədalətli davranışının yüksəldilməsi məqsədilə bu sahədə Mərkəzi Banka daxil olan şikayətlər üzrə hesablanan “şikayət indeksi”nin ictimaiyyətə açıqlanması qərara alınıb. İndeksin aylıq əsasda yayımlanması nəzərdə tutulub.

Şikayət indeksi açıqlandığı tarixdən son 12 ay ərzində əldə edilən məlumatlar əsasında hər bir sığortaçı üzrə hesablanacaq və aylıq məlumatlar əsasında yenilənəcək. İndeksin hesablanma metodologiyası və onun izahı Mərkəzi Bankın veb səhifəsində yerləşdirilən müvafiq cədvəlin aşağı hissəsində qeyd edilib.

Son 12 ayda avto-icbari sığorta üzrə Mərkəzi Banka 1872 sayda şikayət daxil olub. Onların 1261 ədədi qanunvericiliyə uyğun olaraq tam və ya qismən təmin edilib, 536 ədədi üzrə isə qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Mərkəzi Bankda bir qayda olaraq şikayətlər operativ idarəetməyə götürülür, sığorta istehlakçıların hüquqlarının qorunması üçün müvafiq tədbirlər görülür. Bu dövrdə sığorta sahəsi üzrə daxil olmuş şikayətlər əsasında Mərkəzi Bank tərəfindən maliyyə xidmətləri istehlakçılarının pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə sığortaçılara 107 sayda icrası məcburi göstərişlər verilib, sığortalılara 724 min manat sığorta ödənişinin həyata keçirilməsi təmin olunub.

Mərkəzi Bank sığorta bazarı iştirakçılarının sığorta istehlakçılarına münasibətdə ədalətli davranışının daha da yaxşılaşdırılması, sığorta sahəsində ictimai məlumatlığın genişləndirilməsi məqsədilə qabaqcıl beynəlxalq təcrübələrə əsaslanan tədbirlərini davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.