İQTİSADİYYAT
Mərkəzi Bank makroprudensial nəzarət üzrə regional seminar keçirmişdir
Bakı, 24 may (AZƏRTAC). Mərkəzi Bankın və Amerikanın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə təşkilatçılığı ilə Bakıda makroprudensial nəzarət üzrə regional seminar keçirilmişdir.
Mərkəzi Bankın kommunikasiya departamentindən AZƏRTAC-a bildirmişlər ki, iki gün davam edən seminarın əsas məqsədi makroprudensial tənzimləmə və bank nəzarəti sahəsində müasir çağırışların müzakirəsi, Avrasiya regionu ölkələrinin mərkəzi bankları və maliyyə nəzarəti agentliklərinin nümayəndələri ilə qarşılıqlı fikir və təcrübə mübadiləsinin təşkili olmuşdur.
Seminarda maliyyə sabitliyinə təsir göstərən makroiqtisadi çağırışlara dair təcrübə mübadiləsi aparılmış, bu növ çağırışlara reaksiya kimi potensial makroprudensial tənzimləmə və institusional yanaşmalar müzakirə edilmişdir.
Sonra iştirakçılar təmsil etdikləri ölkələrin (institutların) makroprudensial tənzimləmə və nəzarətin strukturu, onun implementasiyası sahəsində təcrübəsinə dair təqdimatlar etmişlər.
Təşkil edilən panel müzakirələri və “dəyirmi masa”larda region ölkələrinin üzləşdikləri əsas makroprudensial çağırışlar, kredit bumu və böhranların idarə edilməsi, dollarizasiya/avroizasiyanın tənzimlənməsi, ölkələrarası maliyyə risklərinə yoluxma və ona qarşı mübarizə, böhranların proqnozlaşdırılması və qarşısının alınması üzrə makroprudensial alətlər, makroprudensial nəzarət çərçivəsi və institusional məsələlərə dair fikir mübadilələri aparılmışdır.
Tədbirin sonunda müzakirələr zamanı aşkar olunan məsələlər icmallaşdırılaraq bu istiqamətdə əsas tövsiyələr və praktiki addımlar müəyyən edilmişdir.