İQTİSADİYYAT


Mərkəzi Bank media nümayəndələri üçün təlim proqramı və press-tur keçirib

Bakı, 29 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Mərkəzi Bankının kommunikasiyasının başlıca hədəf qrupu kimi media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin iqtisadi-maliyyə, o cümlədən mərkəzi bankçılıq sahəsində biliklərinin artırılması məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün ənənəvi olaraq "Açıq qapı" tədbirləri, "Mərkəzi bankçılıq" və "Maliyyə-bank sisteminə dair bilik və bacarıqların təkmilləşdirilməsi" mövzusunda təlimlər təşkil olunur.

AZƏRTAC xəbər verir ki, bu prosesin davamı olaraq cari il iyunun 1-dən 27-dək KİV nümayəndələri üçün "Mərkəzi bankçılıq" mövzusunda təlim proqramı keçirilib. Təlim proqramında ümumi iqtisadiyyat, pul siyasəti, ödəniş sistemlərinin inkişafı, tədiyə balansı, nağd pulun dövriyyəsinin təşkili və idarə olunması, maliyyə savadlılığı, mərkəzi bankların kommunikasiya siyasəti və digər mövzular əhatə olunub. Mərkəzi Bankda təlimləri daha əhatəli etmək üçün Vergilər Nazirliyi və Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri tərəfindən "Vergi siyasəti və vergi qanunvericiliyi ilə bağlı maarifləndirmə" və "Əmanətlərin sığortalanması sistemi" mövzularında da təlimlər keçirilib. 18 media orqanından jurnalistlərin iştirak etdiyi təlim proqramının sonunda jurnalistlərin təlim müddətində qazandıqları biliklərin qiymətləndirilməsi məqsədilə test imtahanı, həmçinin növbəti təlimlərdə media nümayəndələri üçün maraqlı mövzuların müəyyən edilməsi məqsədilə müvafiq sorğu keçirilib.

Təlim proqramında fəal iştirak edən və yekun test imtahanında yüksək nəticələr göstərən jurnalistlər, həmçinin yerli televiziya və mətbuat nümayəndələri üçün Mərkəzi Bankın Gəncə Regional Mərkəzinə və Yevlax Ehtiyat Mərkəzinə press-tur təşkil edilib. Əsas məqsədi media nümayəndələrini regional və ehtiyat mərkəzlərinin fəaliyyəti barədə əyani məlumatlandırmaqdan ibarət olan press-tur zamanı jurnalistlərə regionda sosial-iqtisadi inkişafın dinamik xarakter alması, burada bank-maliyyə institutlarının inkişafı, iqtisadi və maliyyə savadlılığının artırılması, regional və ehtiyat mərkəzlərinin həyata keçirdiyi funksiyalar barədə geniş məlumat verilib.

Press-tur zamanı media mənsublarına regional və ehtiyat mərkəzlərinin işi ilə yaxından tanış olmaq imkanı yaradılıb, onların fəaliyyəti barədə ətraflı məlumat verilib. Keçirilən təqdimatlarda ölkə ərazisində nağd pul tədavülünün təşkilində regional mərkəzlərin rolu, regional səviyyədə müasir elektron ödəniş xidmətlərin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi istiqamətində qarşıya qoyulan vəzifələrin icrası məsələlərindən bəhs edilib. Bildirilib ki, burada beynəlxalq standartlara cavab verən xəzinə infrastrukturu, o cümlədən müasir xəzinə saxlancı və kassa qovşaqları yaradılıb, xidmət səviyyəsi beynəlxalq standartlara uyğunlaşdırılıb. Diqqətə çatdırılıb ki, regional və ehtiyat mərkəzləri milli pul nişanları, onların dəyişdirilməsi qaydaları barədə əhalinin maarifləndirilməsində və pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizədə yaxından iştirak edir və bu mərkəzlər, həmçinin real sektorun monitorinqi, statistik məlumatların toplanması proseslərinə də cəlb edilib.

Tədbir müddəti ərzində jurnalistləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.