İQTİSADİYYAT
Mərkəzi Bank sığorta sahəsində beynəlxalq əməkdaşlığı davam etdirir
Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunun inkişafı üçün hazırladığı strategiyanın icrasını intensiv rejimdə davam etdirməkdədir. Sektorun inkişafı strategiyasına xidmət edən layihələrin icrası prosesində ən qabaqcıl beynəlxalq təcrübələr öyrənilir, bu məqsədlə beynəlxalq qurumlarla və digər ölkələrin müvafiq sahədə tənzimləyici orqanları ilə əməkdaşlıq edilir.
AMB-dən AZƏRTAC-a bildirilib ki, hazırda Mərkəzi Bank ilə Dünya Bankı, Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasına üzv olan qabaqcıl ölkələrinin nəzarət və tənzimləyici qurumları, habelə Türkiyə Sığortaçılıq İnstitutu Vakfı arasında bir sıra mövzularda texniki yardım və qarşılıqlı təcrübə mübadilələri həyata keçirilməkdədir. Texniki yardım və təcrübə mübadilələri sığorta sektorunda risk əsaslı tənzimləmə və nəzarət, kadr potensialının genişləndirilməsi, sığorta xidmətləri üzrə istehlakçıların hüquqlarının qorunması və digər istiqamətləri əhatə edir. Bu çərçivədə martın 26-da Mərkəzi Bank ilə Türkiyə Respublikasının sığorta sahəsində nəzarət və tənzimləyici orqanı olan Türkiyə Sığorta və Xüsusi Pensiyaları Tənzimləmə və Nəzarət Agentliyi (SEDDK) arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandum çərçivəsində Mərkəzi Bank ilə SEDDK sığorta sektorunda tənzimləmə və nəzarət, sığorta bazarında istehlakçıların müdafiəsi, kadr potensialının inkişafı və sair sahələrdə intensiv əməkdaşlıq istiqamətləri müəyyən olunub.