İQTİSADİYYAT


Mərkəzi Bank sterilizasiya alətlərini müddət üzrə diversifikasiya edib

Bakı, 20 sentyabr, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasəti əməliyyatlarının səmərəliliyini artırmaq üçün daim alət potensialının inkişafı üzrə iş aparır. Bu istiqamətdə sterilizasiya alətlərini müddət üzrə diversifikasiya etməklə gəlirlilik əyrisinin qısamüddətli dövrünü əhatə edən hissəsində faizlərin formalaşmasına şərait yaradılması, bütövlükdə qiymətli kağızlar bazarının inkişafını və bu əsasda banklararası pul bazarının aktivləşməsini dəstəkləmək məqsədilə mərhələli şəkildə 84 günlük, 168 günlük və 252 günlük notların yerləşdirilməsi nəzərdə tutulur.

Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, yeni müddətli notlar “faiz dəhlizi” prinsipi tətbiq edilmədən yerləşdiriləcək. Yəni yeni müddətli notlarla bağlı keçiriləcək hərraclarda təqdim olunacaq sifarişlər Mərkəzi Bankın faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi diapozonu ilə məhdudlaşmayacaq və faizlər hərrac iştirakçılarının bazar faizləri ilə bağlı gözləntisini əks etdirəcək.

Notların yerləşdirilməsi üzrə hərracların keçirilməsində yeniliklərdən biri də hesablaşma rejimindəki dəyişikliklərdir. Belə ki, notlarla bağlanmış əqdlər üzrə hesablaşmaların daha rahat icra edilməsi üçün sentyabrın 18-də keçirilmiş 28 günlük not hərracından etibarən Mərkəzi Bankın bütün müddətlərdə yerləşdirdiyi notları ilə bağlanılan əqdlər üzrə hesablaşmalar T+1 rejimində həyata keçirir.

Qeyd edək ki, bu gün Bakı Fond Birjasında 84 günlük ilk not hərracı keçirilib. Hərracda 30 milyon manatlıq təklifə qarşı tələb 147,59 milyon manat təşkil edib. Hərracda təqdim olunmuş sifarişlərin gəlirliliyi 6 faiz-9,5 faiz intervalında olub. Kəsmə qiymət üzrə gəlirlilik 6,04 faiz, orta ölçülmüş gəlirlilik isə 6,03 faiz təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.