İQTİSADİYYAT
Mərkəzi Bank tələbə-gənclər üçün təlimlər keçirib
Bakı, 27 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Mərkəzi Bankı "Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin "Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması" hədəfinin icrası ilə əlaqədar cari ilin ikinci yarısında əsas hədəf qruplardan olan tələbə-gənclər üçün bir sıra maarifləndirmə təlimi keçirib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bu müddət ərzində Mərkəzi Bankda təcrübə keçən bir qrup tələbə "Maliyyə savadlılığı: Peşəkar karyeraya aparan yol" adlı müsabiqə xarakterli təlimlərdə iştirak edib. Bu təlimlərdə tələbələrə istehlakçı büdcəsinin idarə olunması, nağdsız ödənişlər, əmanətlərin sığortalanması, sığorta fəaliyyətinin əsasları, kredit işinin təşkili və bank əməliyyatları mövzuları Mərkəzi Bankın əməkdaşları, Əmanətlərin Sığortalanması Fondunun, bank və sığorta təşkilatlarının nümayəndələri tərəfindən tədris edilib.
Eyni zamanda, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Bakı Mühəndislik Universitetinin "Economics" klubunun təşəbbüsü ilə kluba üzv 80 tələbəyə "Gənclər üçün Maliyyə Savadlılığı" təlimi keçirilib və bank əməliyyatları, kredit işinin təşkili, nağdsız ödənişlər mövzuları əhatə olunub.
Çoxsaylı müraciətləri nəzərə alaraq, bu universitetlərin xüsusilə fərqlənən bir qrup tələbə və gənc müəllimləri üçün Mərkəzi Bankda "Peşəkarların Maliyyə Savadlılığı" təlimləri təşkil edilib və bu təlimlərdə pul nişanlarının saxtakarlığına qarşı mübarizə, əmanətlərin sığortalanması, rəqəmsal maliyyə alətləri mövzuları izah edilib və Maliyyə Savadlılığı portalı (bizimpullar.az), virtual təhsil platforması (edu.e-cbar.az) və Azərbaycan Kredit Bürosunun fəaliyyəti haqqında məlumat verilib.
Təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və onlar müvafiq sertifikatlarla təltif olunublar.
Mərkəzi Bank sözügedən Strateji Yol Xəritəsinin icrası çərçivəsində tələbə-gənclər üçün bu səpkili təlimləri, eləcə də əhalinin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif tədbirləri növbəti ildə də davam etdirəcək.