İQTİSADİYYAT


Mərkəzi Bank tərəfindən pul nişanlarının saxtalaşdırılmasına qarşı tədbirlər gücləndirilir

Bakı, 27 sentyabr (AZƏRTAC). Azərbaycan Mərkəzi Bankında pul nişanlarının və qiymətli kağızların ekspertizası işinin beynəlxalq standartlaşdırılması layihəsi çərçivəsində pul nişanlarının istehsal texnologiyaları və ekspertizası sahəsində dünyanın aparıcı şirkəti olan “Secure Monde İnternational” (Böyük Britaniya) şirkəti tərəfindən seminar keçirilmişdir.

Mərkəzi Bankın kommunikasiya departamentindən AZƏRTAC-a bildirmişlər ki, seminarda giriş sözü ilə çıxış edən Mərkəzi Bankın baş direktoru Aqşin Vəliyev bildirmişdir ki, ölkə iqtisadiyyatının, eləcə də bank və ödəniş sistemlərinin dinamik inkişafı və dayanıqlı makroiqtisadi sabitlik şəraitində Azərbaycan manatına olan inam və milli pul nişanlarının tədavül vasitəsi kimi cəlbediciliyi onun regional miqyasda güclü valyutaya çevrilməsinə zəmin yaratmışdır.

Belə bir şəraitdə Azərbaycan manatının saxtalaşdırılması üzrə potensial risklər artır. Bu isə öz növbəsində pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizədə müvafiq institusional infrastrukturların yaradılması və inkişafını, bu sahədə müvafiq dövlət orqanları arasında koordinasiyanın genişləndirilməsini tələb edir.

Bu məqsədlə Mərkəzi Bank tərəfindən görülən tədbirlər çərçivəsində potensial risklərin daha səmərəli idarə edilməsi istiqamətində pul nişanlarının ekspertizası işinin beynəlxalq standartlaşdırılması və müasir dünya təcrübəsinə uyğun ekspertiza işinin institutlaşması layihəsinə başlanılmışdır. Layihə çərçivəsində pul nişanlarının və qiymətli kağızların ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə müasir texnoloji sistemlərin alınması və tətbiqi, müvafiq kadr potensialının yaradılması nəzərdə tutulur.

Tədbirdə Mərkəzi Bankın və onun regional mərkəzlərinin, eləcə də kommersiya banklarının və hüquq mühafizə orqanlarının əməkdaşları iştirak etmişlər.

Seminar iştirakçılarına müvafiq sertifikat təqdim edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.