Mərkəzi Bank uçot dərəcəsini 4,25 faizdən 3,5 faizə endirib
AzerTAg.az
Bakı, 30 iyul (AZƏRTAC). Mərkəzi Bankın idarə heyəti iyulun 30-dan etibarən uçot dərəcəsinin 4,25 faizdən 3,5 faizə endirilməsi barədə qərar qəbul edib.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, bu addım inflyasiyanın aşağı səviyyəsi, pul kütləsinin artım templəri nəzərə alınaraq, kredit fəallığının daha da yüksəlməsi və iqtisadi artıma zəruri dəstək vermək məqsədilə atılıb. Bankın idarə heyətinin növbəti iclasında, həmçinin faiz dəhlizinin parametrlərinə də dəyişikliklər edilib. Belə ki, dəhlizin yuxarı həddi 6 faizdən 5 faizə, aşağı həddi 0,5 faizdən 0,1 faizə, bankların bütün depozitləri üzrə məcburi ehtiyat normaları isə 3 faizdən 2 faizə endirilib.
İclasda bildirilib ki, Azərbaycan milli iqtisadiyyatın maliyyə dayanıqlığı və makroiqtisadi sabitlik göstəricilərinə görə dünyada öz mövqeyini inamla qorumaqdadır. İlin birinci yarısında ölkədə iqtisadi artım 2,1 faiz olub, o cümlədən qeyri-neft iqtisadiyyatı 7 faiz artıb. İqtisadi artımda daxili inkişaf mənbələri əhəmiyyətli rol oynamaqdadır. Mövcud inkişaf dinamikası şəraitində iqtisadi artım, məşğulluq və inflyasiya arasında optimal tarazlıq təmin olunub. Altı ayda inflyasiya ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz bəndi azalaraq 1,6 faizə enib.
Xəbərin mətnində orfoqrafik səhv var