İQTİSADİYYAT


Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb YENİLƏNİB VİDEO

Mərkəzi Bankın sədri Elman Rüstəmov uçot dərəcəsinin aşağı salınması barədə qərarı şərh edib

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 9 faizdən 8,75 faizə endirilməsi haqda qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 10,75 faiz, aşağı həddi isə 6,75 faiz (uçot dərəcəsinə ±2 faizlik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib. Qərar aprelin 26-dan qüvvəyə minir.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov aprelin 26-da keçirdiyi mətbuat konfransında İdarə Heyətinin qərarını şərh edib.

Bildirib ki, bu qərar inflyasiya səviyyəsinin hədəf (4±2 faiz) daxilində olması, inflyasiya gözləntilərinin sabitliyi, əlverişli xarici mühit nəzərə alınmaqla qəbul edilib. İnflyasiyanın hədəf diapazonunun aşağısına yaxın olması monetar siyasətin normallaşdırılması prosesinin davam etdirilməsinə imkan verir.

İnflyasiya prosesləri

E.Rüstəmov qeyd edib ki, 2019-cu ilin martında 12 aylıq inflyasiya 2,5 faiz təşkil edib və bu, hədəf çərçivəsinin aşağı həddinə yaxındır. İllik inflyasiya başlıca olaraq pullu xidmətlərin qiymət-tarif dinamikasından təsirlənir (3,7 faiz), uyğun olaraq illik inflyasiyanın artımının təxminən yarısı bu amilin payına düşür. Ərzaq (2,3 faiz) və qeyri-ərzaq qiymətlərinin (1,3 faiz) dinamikası ümumi inflyasiya dinamikasından aşağıdır. Məcmu tələbin genişlənməsi və bir sıra qeyri-monetar amillərin qiymətlərə artırıcı təsirinə baxmayaraq, ikitərəfli və nominal effektiv məzənnənin dinamikası, həmçinin monetar şərait inflyasiyanın hədəf çərçivəsində qalmasını şərtləndirib.

İnflyasiya gözləntiləri

Aşağı faktiki inflyasiya fonunda inflyasiya gözləntilərinin stabil olaraq qaldığını deyən AMB sədri vurğulayıb ki, Mərkəzi Bankın həyata keçirdiyi real sektorun monitorinqinin nəticələrinə əsasən, son ayda qiymət gözləntiləri qeyri-neft emal sənayesində və tikintidə azalıb. Ev təsərrüfatları arasında mart ayında aparılan sorğunun nəticələrinə görə, inflyasiya tempinin yüksələcəyini gözləyən respondentlərin payı cəmi 3,2 faizdir. Son proqnozlar 2019-cu ilin qalan dövründə də inflyasiyanın hədəf daxilində (4±2 faiz) qalacağını göstərir. Beynəlxalq maliyyə-kredit təşkilatları da özlərinin son hesabatlarında 2019-cu ildə Azərbaycanda inflyasiyanın aşağı birrəqəmli səviyyədə qalacağını proqnozlaşdırırlar.

Xarici şərait

E.Rüstəmov deyib ki, xarici sektorda müsbət dinamika davam edir. Cari ilin ilk rübündə ixracın 34 faiz, o cümlədən qeyri-neft ixracının 17 faiz artması nəticəsində xarici ticarət balansında 1,3 milyard ABŞ dolları məbləğində müsbət saldo yaranıb. Monetar qızıl idxalı nəzərə alınmadan xalis qeyri-neft idxalı isə 9,7 faiz artıb. Dünya əmtəə bazarlarında qiymət konyunkturu Azərbaycan üçün əlverişlidir. Neftin qiyməti ilin əvvəlindən 34 faiz yüksələrək 70 dolları üstələyib. Neftin orta qiyməti 65 dollardan yüksək olub.

Qeyd edib ki, birinci rübdə strateji ehtiyatlar 1,9 milyard dollar artaraq 46,7 milyard dollara çatıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, dünya ərzaq qiymətləri indeksi yanvar-mart aylarında 3,4 faiz yüksəlsə də, ötən ilin eyni dövrünə nəzərən 3,6 faiz aşağıdır. Martda ötən ayla müqayisədə ət və süd məhsulları bahalaşıb, taxıl, bitki yağı və şəkər ucuzlaşıb.

"İlin sonuna tədiyə balansının cari hesabında əhəmiyyətli profisitin olacağı proqnozlaşdırılır. Bununla bağlı Mərkəzi Bankın və beynəlxalq təşkilatların proqnozları bir-birinə yaxındır. Profisitli tədiyə balansı şəraitində 2019-cu ilin birinci rübündə ölkənin daxili valyuta balansı tarazlığını qoruyub, AMB-də keçirilən valyuta hərraclarında tələb təklifə demək olar ki, bərabər olub", - deyə bankın sədri diqqətə çatdırıb.

İqtisadi aktivlik

E.Rüstəmov deyib: "İlin əvvəlindən iqtisadi artım tempində başlayan yüksəliş davam edir. 2019-cu ilin ilk rübündə ötən ilin müvafiq dövrünə nəzərən real iqtisadi artım 3 faiz təşkil edib. İqtisadi artım qeyri-neft sektorunda 1,7 faiz olub ki, bu da əsasən ticari sektordan qaynaqlanıb. Qeyri-neft sənayesində 16,1 faiz, kənd təsərrüfatında 3,6 faiz artım müşahidə olunub. Mərkəzi Bank tərəfindən həyata keçirilən real sektorun monitorinqi əsasında hesablanan biznes inam indeksi ötən 3 ayda ticarət və tikinti sektorunda artıb. Sosial islahat paketi çərçivəsində iqtisadiyyata veriləcək fiskal stimulların ilin qalan dövründə daxili tələbi genişləndirməklə iqtisadi aktivliyi yüksəldəcəyi gözlənilir. İstehlak tələbinin genişlənməsinin izafi inflyasiya təzyiqi yaratmamasının başlıca şərti daxili istehsalın artımıdır".

İnflyasiya riskləri

O bildirib ki, İdarə Heyətinin monetar siyasətə həsr olunmuş son iclasından bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişiklik baş verməyib. Sabitləşdirici amillərə antiinflyasion monetar şərait, profisitli tədiyə balansı şəraitində məzənnənin dayanıqlığı və faktiki inflyasiya səviyyəsində möhkəmlənən inflyasiya gözləntiləri aiddir.

“Bununla belə xarici və daxili risk amilləri də qalır. Xarici amillərə qlobal iqtisadi artımın səngiməsinin enerji daşıyıcıları qiymətlərinə mümkün təsirləri, dünya ərzaq bazarlarında bahalaşma meylinin davam etməsi, ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya və məzənnə dəyişkənliyi ilə bağlı qeyri-müəyyənliklər aiddir. Beynəlxalq Valyuta Fondu cari ilin aprelində 2019-cu ilə qlobal iqtisadi artım proqnozunu yanvar hesabatı ilə müqayisədə azalma istiqamətində təshih edib”, - deyə E.Rüstəmov bildirib.

Qeyd edib ki, daxili amillərə isə başlıca olaraq fiskal stimulların istehlak bazarına və monetar sektora təsirləri, ayrı-ayrı kənd təsərrüfatı məhsulları üzrə təklif şokları və kredit aktivliyinin bərpasının kredit ekspansiyasına keçməsi aiddir. Cari ildə və orta müddətli dövrdə fiskal siyasətin sabitliyi davamlı qiymət sabitliyinin və məzənnənin dayanıqlığının əsas şərtlərindən biri olaraq qalır.

Monetar şərait

E.Rüstəmov əlavə edib ki, Mərkəzi Bankın qiymətləndirmələrinə görə, monetar siyasətin normallaşdırılmasının davam etdirilməsi iqtisadi artımın dəstəklənməsi və makroiqtisadi sabitliyin qorunması arasında balansın təmin edilməsinə müsbət təsir göstərəcək. Pul təklifi və bank sisteminin likvidlik mövqeyi dövlət büdcəsinin profisiti və real sektorun kreditlərə olan tələbatından asılı olaraq formalaşır. Birinci rübdə kredit qoyuluşları 0,3 faiz, o cümlədən ev təsərrüfatlarına kreditlər 2,1 faiz artıb. Kreditlər artım nümayiş etdirsə də bank sisteminin likvidlik mövqeyində iri həcmli struktur profisiti qalır.

“Dollarlaşmanın azalması davam edir. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması 60,5 faizə, o cümlədən rezident fiziki şəxslər üzrə 58,7 faizə enib”, - deyə o əlavə edib.

Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarının açıqlanması iyunun 7-də ictimaiyyətə təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.