İQTİSADİYYAT


Mərkəzi Bank uçot dərəcəsini endirib YENİLƏNİB VİDEO

Bakı, 30 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7 faizdən 6,75 faizə endirilməsi haqqında qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov iyulun 30-da keçirdiyi mətbuat konfransında İdarə Heyətinin qərarını şərh edib.

O bildirib ki, faiz dəhlizinin aşağı həddi 6,25 faiz, faiz dəhlizinin yuxarı həddi isə 7,25 faiz səviyyəsində müəyyən edilib. Bu qərar faktiki və proqnozlaşdırılan illik inflyasiyanın hədəf intervalının (4+2 faiz) mərkəzindən aşağıda olması, beynəlxalq konyunkturda yaxşılaşma meyillərinin və valyuta bazarında stabilliyin davam etməsi, pandemiyanın təsiri ilə tələbin zəifləməsinin antiinflyasiya effektləri nəzərə alınmaqla qəbul olunub. Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiyanın proqnozdan kənarlaşma dərəcəsindən, qlobal bazarlarda vəziyyətin dəyişməsindən, habelə daxili tələbin və iqtisadi aktivliyin bərpasından asılı olaraq qəbul ediləcək.

İnflyasiyanın dinamikası və inflyasiya gözləntiləri

E.Rüstəmov qeyd edib ki, İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son toplantısından keçən dövrdə illik inflyasiya hədəf intervalının mərkəzindən aşağıda qalıb. Məcmu tələbin daralması və onun antiinflyasiya təsirləri şəraitində iyun ayında 0,3 faizlik deflyasiya baş verib, illik inflyasiya 3 faiz təşkil edib. Mövsümi amillərin də təsiri ilə iyunda ərzaq qiymətləri 1,5 faiz aşağı düşüb, qeyri-ərzaq məhsulları 0,1 faiz, xidmətlər isə 0,9 faiz bahalaşıb.

Real sektor müəssisələri üzrə monitorinqin nəticələri inflyasiya gözləntilərinin azalmaqda davam etdiyini göstərir. Bu ilin iyul-sentyabr ayları üzrə sənaye, xidmət və ticarət sektorlarında müəssisələrin inflyasiya gözləntiləri azalmaqda davam edib. İyunda ev təsərrüfatları arasında aparılmış sorğuya görə inflyasiyanın yüksələcəyini gözləyən respondentlərin xüsusi çəkisi mart ayı ilə müqayisədə 3 faiz bəndi azalaraq 29 faizə enib.

İnflyasiya amilləri üzrə iyulda aparılmış təhlillər əsasında inflyasiya proqnozu dəyişilməz saxlanılıb. Son proqnozlara görə mövcud fundamentallar çərçivəsində cari ilin sonuna inflyasiyanın 3-3,5 faiz intervalında fomalaşacağı gözlənilir.

Qlobal mühit və xarici sektor göstəriciləri

Diqqətə çatdırılıb ki, pul siyasətinə həsr olunmuş son iclasdan ötən müddətdə qlobal iqtisadi aktivliyi xarakterizə edən göstəricilərdə əhəmiyyətli dəyişiklik baş verməyib. Dünya Ümumi Daxili Məhsulunun 60 faizdən çoxunu yaradan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri üzrə biznes inam və istehlakçı inamı indeksləri iyunda may ayı ilə müqayisədə bir qədər yüksəlsə də, ilin əvvəlindəkindən əhəmiyyətli dərəcədə aşağı səviyyədədir. Beynəlxalq Valyuta Fondu 2020-ci il üzrə qlobal iqtisadiyyatın ressesiyasına dair özünün proqnozunu iyunda 3 faizdən 4,9 faizə yüksəldib.

Bildirilib ki, dünya əmtəə qiymətlərində, o cümlədən neft qiymətində bərpa prosesləri davam etməkdədir. İyulun ötən dövründə “Brent” markalı neftin orta qiyməti 43 ABŞ dolları təşkil edib ki, bu da aprel ayına nisbətən (27 ABŞ dolları) 59 faiz yüksəkdir. Son ayda beynəlxalq konyunkturun yaxşılaşması və idxalın aşağı səviyyədə qalması xarici balans göstəricilərinə də müsbət təsir edib. Ümumilikdə cari ilin 6 ayında xarici ticarət balansında 2,7 milyard dollar səviyyəsində profisit olub. Ölkənin strateji valyuta ehtiyatları artmaqda davam edir. Hazırda strateji valyuta ehtiyatları 51,7 milyard dollar təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 1,2 faiz çoxdur. Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən 3,3 faiz artıb.

Monetar şərait

Mərkəzi Bankın sədri qeyd edib ki, ötən toplantıdan keçən müddətdə monetar şərait əsasən yumşalıb. Buna faiz dəhlizi parametrlərinin iyunda azalma istiqamətində dəyişdirilməsi, kreditləşmənin dəstəklənməsi üçün görülən tədbirlər, eləcə də dövlət büdcəsi xərclərinin həyata keçirilməsilə bağlı vahid xəzinə hesabının qalığının azalması təsir göstərib. Pul bazası iyun ayının sonundan bəri 3,6 faiz artıb. Pul təklifi artmağa başlasa da, maliyyə bazarlarının müxtəlif seqmentlərində faiz dərəcələri fərqli istiqamətlərdə dəyişib.

Pul siyasəti qərarlarının təsiri ilə son ayda Mərkəzi Bankın depozit əməliyyatları və qısamüddətli notları üzrə faiz dərəcələrinin, eləcə də dövlət qiymətli kağızlarının gəlirliyinin azalması müşahidə edilib. Bu maliyyə alətləri üzrə hərraclarda tələbin təklifi üstələməsi ümumilikdə likvidliyin yüksək olduğunu göstərir. Pul bazarlarında orta faizlərin azalması pul siyasətinin transmissiyasının birinci həlqəsinin effektli olduğunu göstərir. Ötən toplantıdan bəri depozit faizlərinə təsir göstərən başlıca amil sığortalanan əmanətlər üzrə maksimal faizin iyundan qaldırılması olub. Manatla əmanət faizlərinin faktiki və proqnozlaşdırılan inflyasiyanı əhəmiyyətli üstələməsi milli valyutada yığımların cəlbediciliyini və de-dollarlaşma proseslərini dəstəkləyir.

Vurğulanıb ki, kredit faizləri başlıca olaraq real sektorda pandemiyanın təsiri ilə artan risklərdən və bu risklərin banklar tərəfindən qiymətləndirilməsindən əhəmiyyətli təsirlənir. Mərkəzi Bankın pul siyasəti qərarları və pul bazarında faizlərin azalması qarşıdakı dövrdə kreditləşmə şərtlərinin də yumuşaldılması üçün zəmin yaradır. Pandemiyadan təsirlənən iqtisadi subyektlərin dəstəklənməsi üçün tənzimləyici yumşalmalar və dövlətin güzəştli kreditləşmə mexanizmlərinin tətbiqi də maliyyə resurslarına çıxış imkanlarını yaxşılaşdıracaq.

İqtisadi aktivlik

E.Rüstəmov deyib: “Pandemiya ilə bağlı zəruri məhdudiyyət tədbirləri daxili iqtisadi aktivliyə iyun-iyul aylarında da neqativ təsir göstərib. Real sektor müəssisələrinin monitorinqi göstərir ki, biznes inam indeksi qeyri-neft sənayesi, tikinti, ticarət və xidmət sahələri üzrə iyun ayında da neqativ zonada qalıb. Ev təsərrüfatları arasında iyun ayında aparılmış sorğu istehlakçı inam indeksinin də azaldığını göstərir. Məcmu tələbin bütün komponentlərində azalma fonunda rəsmi statistikaya görə cari ilin 6 ayında iqtisadiyyatın baza sahələri olan qeyri neft-qaz sənayesi və kənd təsərrüfatında iqtisadi artım davam etsə də, bütövlükdə ÜDM real ifadədə 2,7 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 2,5 faiz azalıb. Hökumətin və Mərkəzi Bankın birgə aktiv antiböhran tədbirlərinin icrası, xüsusən də pandemiyadan zərərçəkən sahələrin dəstəklənməsi tədbirləri iqtisadi aktivliyin azalmasının miqyasını əhəmiyyətli kiçiltməyə kömək edib. Virus təhlükəsinin qaldığı və sosial təcrid tədbirlərinin davam etdiyi şəraitdə iqtisadi artımın öz potensialına yaxınlaşması prosesinin qlobal iqtisadiyyatda gözlənildiyi kimi tədricən baş verəcəyi proqnozlaşdırılır. Uçot dərəcəsinin azaldılması, ilin qalan dövründə pul təklifinin proqnozlaşdırılan genişlənməsi məcmu tələbin bərpasına, iqtisadi aktivliyin və məşğulluğun dəstəklənməsinə müsbət təsir göstərəcək”.

İnflyasiya riskləri

Bildirilib ki, qısamüddətli dövrdə inflyasiya üzrə risklər balansında stabilləşdirici amillər üstünlüyünü qorumaqdadır. Pandemiya şəraitində zəif məcmu tələb qarşıdakı aylarda da başlıca antiinflyasiya amili kimi çıxış edəcək. Məcmu tələbin daralması idxalı və beləliklə valyuta bazarında tələbi məhdudlaşdırır. Bununla belə logistik zəncirdə qırılmalar, habelə koronavirusdan qorunmaq üçün iqtisadi subyektlərin üzləşdiyi əlavə xərclər qiymətlərə artırıcı təsir göstərə bilər. Pandemiyanın davamlığı və təsirləri ilə əlaqədar ortamüddətli dövrə qlobal mühit üzrə əhəmiyyətli qeyri-müəyyənliklər qalmaqdadır. Bu dövrdə milli iqtisadiyyatda makroiqtisadi və maliyyə sabitliyinin qorunması yaranan çağırışlara cavab verən, iqtisadi artımın və məşğulluğun bərpasını təmin edəcək yeni makroiqtisadi çərçivənin formalaşmasından və effektiv siyasət koordinasiyasından asılı olacaq.

Bu qərar iyulun 30-dan qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı cari il sentyabrın 18-də ictimaiyyətə açıqlanacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.