İQTİSADİYYAT


Mərkəzi Bank uçot dərəcəsini yüksəldib

Bakı, 17 sentyabr, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti faiz dəhlizi parametrlərinin yüksəldilməsi haqqında qərar qəbul edib.

AMB-dən AZƏRTAC-a bildirilib ki, uçot dərəcəsi 6,25 faizdən 6,5 faizə, dəhlizin aşağı həddi 5,75 faizdən 6 faizə, yuxarı həddi isə 6,75 faizdən 7 faizə yüksəldilib.

Uçot dərəcəsinə dair qərar qlobal iqtisadiyyatda güclənən inflyasiya proseslərinin, xüsusilə ərzaq və xammal qiymətlərinin, nəqliyyat və logistika xərclərinin artımının milli iqtisadiyyata ötürülməsi prosesinin güclənməsi, həmçinin ertələnmiş daxili tələbin yüksəlməsi fonunda təklifin geri qalması, tənzimlənən qiymət və tariflərin liberallaşdırılması proseslərinin təsiri nəzərə alınmaqla qısa və ortamüddətli inflyasiya amillərinin proqnozu əsasında qəbul edilib.

Qeyd olunan amillər qiymətlər sabitliyinin risklər balansında inflyasiya amillərinin rolunu gücləndirməklə monetar - fiskal siyasətin neytrallaşdırıcı təsirini zəiflədir.

Proqnoz horizontunda inflyasiyanın hədəfdən kənarlaşmasının qarşısının alınması pul siyasətinin fasilə götürülmə mərhələsindən çıxışını şərtləndirir.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın faktiki və proqnoz göstəricilərinin dəyişimi, risk balansında dəyişikliklər, habelə iqtisadiyyatın cari vəziyyəti və onun ortamüddətli dövrdə inkişaf perspektivləri nəzərə alınmaqla qəbul ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.