İQTİSADİYYAT
Mərkəzi Bank və Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə təlimlərə başlanılıb
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) inzibati binasında Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidməti ilə birlikdə ölkədə fəaliyyət göstərən bankların mütəxəssisləri üçün cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) məsələlərinə həsr olunmuş təlim keçirilib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, “Müştəri profili üzrə məlumatların yığılması, risk dərəcəsi və onun müəyyən edilməsi əsasları” mövzusunda təşkil olunmuş təlimdə PL/TMM üzrə müxtəlif simulyasiyalara geniş yer ayrılıb, bu istiqamətdə praktiki məsələlərin müzakirəsi və həlli diqqət mərkəzində saxlanılıb. Fevralın 25-dək davam edəcək təlimlər banklarla yanaşı, bank olmayan kredit təşkilatlarının, sığorta şirkətlərinin, investisiya şirkətlərinin və lizinq fəaliyyəti göstərən hüquqi şəxslərin məsul əməkdaşlarını da əhatə edəcək.