QAN YADDAŞI
Mərkəzi Bankda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Bakı, 20 yanvar, AZƏRTAC
Mərkəzi Bankda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib.
Bankdan AZƏRTAC-a bildirilib ki, anım mərasimində xalqımızın milli müstəqillik tariximizin qanlı, lakin ən şərəfli səhifələrindən biri olan 20 Yanvar faciəsinin ildönümünün ötən illərdəki kimi bu il də əbədi azadlıq rəmzi kimi şərəflə qeyd etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, Vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri insanlığa, humanizmə qarşı törədilən cinayətdir. Həmin hadisələr Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübuta yetirib. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib. Həmin müdhiş gecədə həlak olan Vətənin oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdırıb, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar. Məhz buna görə də 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir.
Qeyd edilib ki, Azərbaycan xalqına qarşı törədilən bu cinayəti ilk dəfə ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək dinc əhaliyə qarşı törədilən terroru insanlığa, hüquqa, demokratiyaya zidd addım kimi pisləyib, ölkə rəhbərliyinin xalqa xəyanət etdiyini cəsarətlə söyləyərək sovet hakimiyyətinin qanlı siyasətini ifşa edib. Ulu öndər Heydər Əliyev xalqın təkidi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilib, faciənin günahkarlarının adları açıq şəkildə bəyan olunub və dahi şəxsiyyətin quruculuq siyasəti ilə şəhidlərimizin canları uğrunda fəda etdikləri azadlıq və müstəqillik ideyaları reallığa çevrilib. Həmin siyasət Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. XXI əsrin əvvəllərindən başlayaraq yüksək inkişaf sürəti götürmüş milli iqtisadiyyatımız dinamika, stabillik və dayanıqlılıq nümayiş etdirib. Hələ müstəqillik uğrunda ilk mübarizələr zamanı Azərbaycanın suveren, siyasi, sosial-iqtisadi cəhətdən güclü bir dövlətə çevrilməsi bir arzu idisə, bu gün müasir dünya arenasında tanınan, söz sahibi olan dövlətçiliyimiz artıq bariz reallıqdır. Uğurlu sosial-iqtisadi siyasətin nəticəsi olaraq toplanmış iqtisadi, o cümlədən maliyyə potensialı sayəsində Azərbaycan iqtisadiyyatı qlobal müstəvidə gedən mürəkkəb proseslərə rəğmən dayanıqlılıq nümayiş etdirir, inkişafını davam etdirir, xalqın rifahı gündən-günə yaxşılaşır. Bu iqtisadi quruculuq ordumuzun güclənməsinin də əsas şərtini təşkil edir. Təsadüfi deyil ki, bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. Rəşadətli Azərbaycan əsgəri artıq şəhidlərimizin ruhunu şad edərək ilk qələbə müjdələrini verməkdədir.