İQTİSADİYYAT
Mərkəzi Bankda Elektron Statistika və Analitik Hesabatlılıq Sistemi yaradılmışdır
Bakı, 2 avqust (AZƏRTAC). Avqustun 2-də Mərkəzi Bankda “Elektron Statistika və Analitik Hesabatlılıq Sistemi” (ESAHS) layihəsinin təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, təqdimatda Mərkəzi Bankın sədr müavini Xəqani Abdullayev layihə barədə ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, ESAHS-ın yaradılması uğurla başa çatdırılmışdır. Bu layihənin tamamlanması Mərkəzi Bankın informasiya bazasının tam elektronlaşması istiqamətində həlledici əhəmiyyətə malikdir. ESAHS, eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”nın müvafiq tələbindən irəli gələn və avtomatlaşma sahəsində tamamlanmış mühüm layihələrdən biridir. Sistem qabaqcıl beynəlxalq standartlara uyğun işlənmiş və ən son texnoloji tələblərə cavab verir. ESAHS Mərkəzi Bankda bütün statistik məlumatların vahid elektron platformada toplanmasına, avtomatik rejimdə və keyfiyyətli emal olunmasına, informasiyanın çevik yayımlanmasına imkan verir.
Vurğulanmışdır ki, ESAHS həm də geniş analitik və riyazi-statistik emal imkanlarına malikdir. Sistem informasiyanın interaktiv təsvirini, onun avtomatik rejimdə müxtəlif formatlara keçirilməsini, hər bir icmal göstəricinin ilkin mənbəyinə qədər saniyələr ərzində detallaşmasını təmin edir. ESAHS-ın geniş funksional imkanları həm də Mərkəzi Bankın məlumat bazası ilə digər dövlət qurumlarının məlumat bazaları arasında çevik informasiya mübadiləsinə də şərait yaradır. O, istifadəçilər üçün rahatlığı və əhəmiyyətli vaxt qənaətini təmin edir.
Diqqətə çatdırılmışdır ki, ESAHS-ın mükəmməl texnoloji platformasından istifadə etməklə növbəti mərhələdə Mərkəzi Bankın informasiya bazasının daha da zənginləşdirilməsi, onun çoxsaylı kənar informasiya mənbələri ilə qarşılıqlı inteqrasiyası istiqamətində fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur.