İQTİSADİYYAT
Mərkəzi Bankda KİV nümayəndələri üçün “Açıq qapı” günü təşkil olunmuşdur
Bakı, 18 iyul (AZƏRTAC). İyulun 18-də Azərbaycan Respublikasının Mərkəzi Bankında (AMB) Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri üçün “Açıq qapı” günü təşkil olunmuşdur.
Jurnalistlər əvvəlcə AMB-nin İdarə Heyəti sədrinin müavini Aftandil Babayev ilə görüşmüşlər. A.Babayev tədbirin təşkilində əsas məqsədin jurnalistlərin AMB-nin fəaliyyətini professional şəkildə işıqlandırmasına yardım etmək olduğunu demişdir. Diqqətə çatdırılmışdır ki, qurumun həyata keçirdiyi pul-məzənnə siyasətinin insanlara düzgün çatdırılmasında KİV-in rolu böyükdür. Buna görə də AMB-də strateji kommunikasiya departamenti yaradılmışdır. Gələcəkdə bu departamentin tərkibində sözçülər qrupu və böhran kommunikasiyası şöbəsinin yaradılması planlaşdırılır.
Daha sonra KİV nümayəndələri ayrı-ayrı departamentlərin - nağd pul, statistika, prudensial siyasət və metodologiya departamentlərinin fəaliyyəti ilə tanış olmuşlar.