İQTİSADİYYAT
Mərkəzi Bankda “Nağd pulun idarəetmə informasiya sistemi”nin yaradılması ilə əlaqədar seminar keçirilmişdir
Bakı, 25 yanvar (AZƏRTAC). Azərbaycan Mərkəzi Bankı tərəfindən “Nağd pul idarəetməsinin ən müasir standartlarının formalaşdırılması” Proqramı çərçivəsində həyata keçirilən “Nağd pulun idarəetmə informasiya sistemi”nin (CMS) yaradılması layihəsi üzrə kredit təşkilatları üçün seminar keçirilmişdir.
Mərkəzi Bankdan AZƏRTAC-a bildirmişlər ki, seminarın məqsədi mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq bütövlükdə bank sektorunda nağd pulla əməliyyatları real vaxt rejimində əhatə edən, mərkəzləşdirilmiş vahid informasiya bazasının və hesabatlıq sisteminin yaradılmasını nəzərdə tutan CMS-in əsas prinsipləri və kredit təşkilatlarında tətbiq olunacaq müvafiq sistemlərə inteqrasiyası ilə bağlı zəruri metodiki göstərişlərin verilməsidir.
Seminarda Mərkəzi Bankın baş direktoru A.Vəliyev müvafiq proqram çərçivəsində nağd pul blokunda həyata keçirilən layihələr, strateji dövrdə qarşıda duran hədəflər və eləcə də CMS-in bank sisteminə verəcəyi töhfələrlə bağlı ətraflı məlumat vermişdir.
Dinləyicilərə kredit təşkilatlarında nağd pul əməliyyatlarının CMS-ə inteqrasiya olunması ilə əlaqədar iştirakçılara təqdimat keçirilmiş, həmçinin tətbiq ediləcək yeni sistemə keçidlə bağlı əsas tələblər barədə məlumat verilmişdir.