İQTİSADİYYAT
Mərkəzi Bankda Qlobal Pul Həftəsi münasibətilə tədbirlər keçirilib
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Mərkəzi Bankı martın 12-18-də dünyanın 180-dən çox ölkəsində qeyd olunan Qlobal Pul Həftəsi münasibətilə uşaq və gənclər üçün müxtəlif tədbirlər təşkil edib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə Azərbaycan Dövlət İqtisad Universitetinin bank işi üzrə magistr pilləsində təhsil alan bir qrup tələbəyə maarifləndirici seminar keçirilib. Seminarda tələbələrə Mərkəzi Bankın iqtisadi maarifləndirmə çərçivəsində həyata keçirdiyi tədbirlər, maarifləndirici resurslar, həmçinin maliyyə savadlılığı portalı və virtual təhsil platforması, eləcə də milli pul nişanları, onların ekspertizası, pul nişanlarının saxtakarlığına qarşı mübarizə, nağdsız ödənişlərin üstünlükləri və milli ödəniş sistemləri ilə bağlı məlumatlar verilib.
Eyni zamanda, 8-12 yaşlı uşaqlar üçün "Milli pul nişanları uşaqların dünyasında" adlı tədbir keçirilib və onların Azərbaycan Respublikası milli pul nişanlarını tanımalarını təşviq etmək üçün pul tarixi və pul nişanları barədə məlumatlar təqdim edilib. Tədbirdə məktəblilər milli manatımız haqqında şeir, tapmaca və hekayə söyləyib, çəkdikləri rəsm və hazırladıqları digər resursları nümayiş etdirib. Uşaqlara Mərkəzi Bankın mütəxəssisləri tərəfindən saxta pulları müəyyənləşdirməyin yolları göstərilib, eləcə də Mərkəzi Bankın Xəzinəsinə ekskursiya təşkil edilib.