İQTİSADİYYAT
Mərkəzi Bankda Temenos Baş Mühasibat Sisteminin yeni versiyası müvəffəqiyyətlə tətbiq olunmuşdur
Bakı, 25 dekabr (AZƏRTAC). Azərbaycan Respublikasının Mərkəzi Bankında müasir standartlara cavab verən informasiya texnologiyaları infrastrukturunun qurulması, avtomatlaşdırılmış informasiya sistemlərinin yaradılması və onların daim təkmilləşdirilməsi, habelə mövcud informasiya resurslarının digər sistemlərlə inteqrasiyasının təşkili prioritet hədəflərdəndir.
Mərkəzi Bankın kommunikasiya departamentindən AZƏRTAC-a bildirmişlər ki, bu hədəfin reallaşdırılması çərçivəsində burada istismarda olan Temenos Baş Mühasibat Sisteminin texniki və proqram platformasının modernləşdirilməsi məqsədilə beynəlxalq aləmdə gedən texniki-proqram məhsullarının inkişafı meyllərinə uyğun olaraq sistemin yeni - R13 versiyası ölkədə ilk dəfə Mərkəzi Bankda müvəffəqiyyətlə tətbiq edilmişdir. Layihənin icra müddətinin bir il olmasına baxmayaraq Temenos Baş Mühasibat Sistemi altı ay ərzində yenilənərək istismara verilmişdir.
Layihənin reallaşdırılması müddətində Baş Mühasibat Sisteminin yeni funksional imkanları nəzərə alınmaqla sistem yenidən qurulmuş, əməliyyat, uçot və idarəetmə sahəsinə dair modullar üzrə təkmilləşmə işləri həyata keçirilmiş və kənar dövlət qurumlarında (Azərbaycan Respublikası Dövlət Neft Fondu, Azərbaycan Respublikası Mərkəzi Bankının yanında Maliyyə Monitorinqi Xidməti, Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu, Bakı Banklararası Valyuta Birjası, Bakı Fond Birjası, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu, MilliKart Prosessinq Mərkəzi) yerləşdirilmiş iş yerlərinin informasiya sistemində davamlı fəaliyyəti təşkil olunmuşdur.