İQTİSADİYYAT
Mərkəzi Bankda blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sistemi təqdim olunub
Bakı, 12 sentyabr, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”na uyğun olaraq, Mərkəzi Bank tərəfindən blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sistemi layihəsi çərçivəsində fiziki şəxslər üçün məsafədən cari hesabların açılması funksionallığı tam işlənib hazırlanıb.
Bankdan AZƏRTAC-a bildirilib ki, Vergilər Nazirliyinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Banklar Assosiasiyasının və işçi qrupuna daxil edilmiş kredit təşkilatlarının nümayəndələri üçün təşkil olunmuş görüşdə sistemin təqdimatı keçirilib. Görüş zamanı layihə çərçivəsində yaradılmış informasiya resursunun funksional imkanları və mobil tətbiqləri nümayiş etdirilib, o cümlədən sistemin inkişaf perspektivləri istiqamətində müzakirələr aparılıb.
Layihənin reallaşdırılması nəticəsində fiziki və hüquqi şəxslər banka yaxınlaşmadan məsafədən bank xidmətlərini operativ şəkildə əldə edə biləcək, bu zaman tələb olunan məlumatların kağız daşıyıcılarında təqdim edilməsinə ehtiyac olmayacaq və bununla da məlumatların tamlığının, əlçatanlığının və məxfiliyinin qorunması təmin olunacaq. Layihənin müvəffəqiyyətlə tamamlanması və strateji olaraq digər istiqamətlər üzrə genişləndirilməsi ilə bağlı fəaliyyət əlaqədar təşkilatlarla davam etdiriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə rəqəmsal xidmətlərin genişləndirilməsi və elektron bankçılıq mühitinin yaradılması ilə bağlı müəyyən olunan prioritet hədəflərin icrasının təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” hazırlanıb və ölkə Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilib. Dövlət Proqramı çərçivəsində ölkədə rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, “müştəri-bank” münasibətlərini innovativ texnologiyalar platformasında quraraq daha təhlükəsiz və operativ elektron xidmətlərin son müştəriyə çatdırılması məqsədilə Mərkəzi Bank tərəfindən blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması ilə bağlı layihə fəaliyyət planına uyğun olaraq həyata keçirilməkdədir.