İQTİSADİYYAT
Mərkəzi Bankda blokçeyn texnologiyasının tətbiqi imkanları müzakirə olunub
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 24-də Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev İsveçrənin Cənubi Qafqaz regionu üzrə Əməkdaşlıq Ofisinin regional direktorunun müavini xanım Simone Haeberli və İsveçrənin "Trüb Trading" şirkətinin idarə heyətinin sədri Kristof Franzen ilə keçirdiyi görüşdə qurumlar arasında yeni əməkdaşlıq istiqamətləri və perspektivləri müzakirə olunub.
Mərkəzi Bankdan AZƏRTAC-a bildiriblər ki, görüşdə xarici dövlətlərdə blokçeyn texnologiyasının tətbiqi həlləri, elektron identifikasiya sistemlərinin informasiya və ödəniş sistemlərinə inteqrasiyası imkanları, müvafiq olaraq Gürcüstan və Estoniya təcrübələri barədə geniş fikir mübadiləsi aparılıb.
Bankdan bildirilib ki, maliyyə texnologiyaları üzrə müasir çağırışlar və qabaqcıl trendlər Mərkəzi Bankda yaxından izlənilir və beynəlxalq təcrübə öyrənilməklə fəaliyyətin effektivliyinin və səmərəliliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə xarici təşkilatlar ilə davamlı müzakirələr aparılır, yeni təşəbbüslərin ölkəmizdə tətbiqi araşdırılır.