İQTİSADİYYAT


Mərkəzi Bankda jurnalistlər üçün təlim keçirilib

Bakı, 13 sentyabr, AZƏRTAC

Mərkəzi Bankın təşəbbüsü ilə Vergilər Nazirliyi ilə birlikdə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün "Rəqəmsal ödənişlərin genişləndirilməsinin təbliği və təşviqi" mövzusunda ikigünlük təlim keçirilib.

Təlimin əsas məqsədi media institutları ilə peşəkar kommunikasiyanın gücləndirilməsi, jurnalistlərin maliyyə savadlılığı səviyyəsinin yüksəldilməsi və KİV vasitəsilə Mərkəzi Bankın rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə ictimaiyyəti daha dolğun məlumatlandırmaqdan ibarətdir.

AZƏRTAC xəbər verir ki, təlimdə Mərkəzi Bankın ödəniş sistemləri və hesablaşmalar departamentinin, eləcə də Vergilər Nazirliyinin əməkdaşları rəqəmsal ödənişlərin təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə təqdimatlarla çıxış ediblər. Eyni zamanda, Mərkəzi Bank tərəfindən ölkənin milli ödəniş sistemi infrastrukturunun təkmilləşdirilməsi, istifadə effektivliyinin yüksəldilməsi və iqtisadiyyatda nağdsız ödənişlərin çəkisinin artırılması istiqamətində görülmüş tədbirlər barədə ətraflı məlumat verilib. Təqdimatlardan sonra sual-cavab sessiyası təşkil olunub və jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Sonra Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu ilə əməkdaşlıq çərçivəsində jurnalistlər üçün "yığım oyunu" təşkil edilib. Yarışma zamanı iştirakçılara yığım mədəniyyətinin və ailə büdcəsinin effektiv idarə olunması bacarıqları aşılanıb.

Qeyd edək ki, Mərkəzi Bankın kommunikasiyasının başlıca hədəf qrupu kimi media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin mərkəzi bankçılıq sahəsində biliklərinin artırılması kimi məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə mütəmadi Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün ənənəvi olaraq Mərkəzi Bankın fəaliyyəti üzrə aktual mövzuda təlimlər təşkil edilir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə "Rəqəmsal ödənişlərin genişləndirilməsi" istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrası çərçivəsində tədbirlərini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.