İQTİSADİYYAT


Mərkəzi Bankda media nümayəndələri üçün növbəti təlim keçirilib

Bakı, 30 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin bəyan etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələn əsas çağırışların, mesajların, hədəflərin və bu istiqamətdə aidiyyəti üzrə görülən işlər barədə məlumatın cəmiyyətə düzgün kommunikasiya edilməsi, bu xüsusda mühüm hədəf qruplarından biri kimi media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin iqtisadi-maliyyə, o cümlədən maliyyə bazarları sahəsində biliklərinin artırılması məsələləri Mərkəzi Bankda daim diqqət mərkəzində saxlanılır.

Missiyanın ötürücü vasitəsi kimi media orqanları ilə sıx əməkdaşlıq, onların maliyyə biliklərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər Mərkəzi Bankın siyasətinin və fəaliyyətinin geniş ictimaiyyət tərəfindən aydın başa düşülməsinə, həmçinin siyasət mesajlarının ictimaiyyətə düzgün ötürülməsinə, bank-maliyyə fəaliyyətinin mediada geniş işıqlandırılmasına, bununla da ictimaiyyətdə düzgün iqtisadi gözləntilərin formalaşdırılmasına xidmət edir. Bu məqsədlə Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün ənənəvi olaraq “Açıq qapı” tədbirləri, “Mərkəzi bankçılıq” və “Maliyyə-bank sisteminə dair bilik və bacarıqların təkmilləşdirilməsi” mövzularında təlimlər təşkil olunur.

AZƏRTAC xəbər verir ki, bu prosesin davamı olaraq yeni qəbul olunmuş “Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-2023-cü illər üzrə kommunikasiya strategiyası”ndan irəli gələn vəzifələrə uyğun olaraq nəzərdə tutulan tədbirlərdən biri kimi noyabrın 30-da Mərkəzi Bankda “Sığorta - maliyyə savadlılığının komponenti kimi” mövzusunda mətbuat nümayəndələri üçün növbəti təlim keçirilib.

İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birgə keçirilmiş təlim jurnalistlərin bu istiqamətdə biliklərini artırmaqla yanaşı, onlar tərəfindən sığorta maarifləndirilməsi mövzularında hazırlanacaq veriliş və süjetlərin effektivliyinin artmasına, habelə sığorta sahəsində maarifləndirmə, təbliğat və qarşısıalınmaz tədbirlərin həyata keçirilməsi işinə kömək edəcək. Təlim iştirakçılarına sığorta münasibətlərinin zəruriliyi, risklərin qarşısının alınmasında sığortanın, xüsusən icbari sığorta növlərinin faydaları, həmçinin Azərbaycanda risk mədəniyyətinin inkişaf səviyyəsi barədə ətraflı məlumat verilib.

Bunlarla yanaşı, maliyyə bazarları, xüsusən sığorta münasibətləri mövzusunda jurnalistlərin maliyyə maariflənməsinin yüksəldilməsi məsələləri, eləcə də bu sahədə gözlənilən nəticələrə dair müzakirələr aparılıb.

Təlim zamanı jurnalistləri maraqlandıran suallar ətraflı cavablandırılıb, tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.