İQTİSADİYYAT
Mərkəzi Bankda media nümayəndələri üçün növbəti təlim təşkil olunub
Bakı, 28 noyabr, AZƏRTAC
Mərkəzi Bankın kommunikasiyasının mühüm hədəf qruplarından biri kimi media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin iqtisadi, maliyyə, o cümlədən mərkəzi bankçılıq sahəsində biliklərinin artırılması məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün ənənəvi olaraq “Açıq qapı” tədbirləri, “Mərkəzi bankçılıq” və “Maliyyə-bank sisteminə dair bilik və bacarıqların təkmilləşdirilməsi” mövzularında təlimlər təşkil olunur.
AZƏRTAC xəbər verir ki, bu prosesin davamı olaraq, eləcə də “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın “Maliyyə savadlılığının yüksəldilməsi” və “Rəqəmsal ödənişlər haqqında ictimai məlumatlılığın artırılması” prioritetlərinin icrasına daha bir töhfə vermək məqsədilə noyabrın 28-də mətbuat nümayəndələri üçün növbəti təlim keçirilib.
İştirakçılara “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın əsas komponentləri və proqram çərçivəsində Mərkəzi Bank tərəfindən görülmüş işlər barədə məlumat verilib. Həmçinin təlimdə elektron ödənişlərdə son trendlər: biometrik mühafizə, tokenləşdirmə və digər bu kimi məsələlər müzakirə olunub.
Təlimdə Mərkəzi Bankın blokçeyn layihəsi üzrə mövcud vəziyyət və perspektiv hədəflər, eləcə də bankın təşəbbüsü ilə yaradılmış Məlumat Axtarış Sistemi, onun imkan və faydaları diqqətə çatdırılıb.
Jurnalistləri maraqlandıran suallar ətraflı cavablandırılıb.