İQTİSADİYYAT


Mərkəzi Bankda sahibkarlar və kommersiya banklarının rəhbərləri ilə görüş keçirilib

Bakı, 11 yanvar, AZƏRTAC

Mərkəzi Bankda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndələri və sahibkarlarla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşün məqsədi sahibkarlarla maliyyə-bank sektoru arasında aktiv dialoq qurmaqla milli iqtisadiyyatın iki mühüm sütunu kimi real sektorla maliyyə sistemi arasında əlaqələrin miqyasını genişləndirmək və dərinləşdirmək, ən mütərəqqi iqtisadi-idarəetmə texnologiyaları ilə bu əlaqələrin keyfiyyətini yüksəltməkdən və bu sahədə mövcud olan problemlərin və onların həlli yollarını müəyyənləşdirməkdən ibarətdir.

Mərkəzi Bankın sədri Elman Rüstəmov çıxış edərək Prezident İlham Əliyevin ölkənin makroiqtisadi vəziyyəti və sosial-iqtisadi inkişafına dair iqtisadi tənzimləmə institutları və maliyyə sektorunun qarşısında qoyduğu vəzifələri önə çəkib. Bildirib ki, dövlət başçısının rəhbərliyi ilə ölkədə makroiqtisadi və maliyyə sabitliyin dayanıqlılığının artırılması istiqamətində əhəmiyyətli işlər görülüb və hazırda bu istiqamətdə genişmiqyaslı dərin islahatlar davam etdirilir. Ümumilikdə, 3-cü ildir ölkədə makroiqtisadi sabitlik formalaşıb. İnflyasiyanın hədəf dəhlizində formalaşması iqtisadi şərtlərdə müəyyənlik yaradıb və iqtisadi fəallığa mühüm dəstək verib. Milli valyutamızın məzənnəsi ölkədə makro-iqtisadi sabitliyin başlıca lövbəri kimi çıxış edib. Əldə olunmuş makroiqtisadi sabitliyi nəzərə alaraq ötən il monetar şəraitin həm pulun dəyərinin azaldılması, həm də pulun həcminin artırılması istiqamətində yumşaldılması həyata keçirilib.

Maliyyə sabitliyi məsələlərindən danışan E.Rüstəmov deyib ki, ölkədə maliyyə sektoru üzrə bir sıra həssaslıqlar qalsa da, maliyyə sabitliyi qorunur və kredit aktivliyinin bərpa olunması davam edir. Real sektorda iqtisadi aktivliyin resurs təminatında maliyyə institutlarının rolunun artırılması, bütün səviyyələrdə təsərrüfat subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması istiqamətində işlər aktivləşdirilir.

Sonra ASK-nın, ABA-nın, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), kommersiya banklarının rəhbərləri, sahibkarlar çıxış edərək bildiriblər ki, sahibkarlarla maliyyə-bank sektoru arasında bu cür tədbirlər yüksək əhəmiyyət daşıyır, bu sahədə davamlı aktiv dialoq sahibkarlıq subyektlərinin maliyyə-bank xidmətlərinə çıxışının yaxşılaşmasına şərait yaratmaqla bütövlükdə istehsal və xidmət sahələrinin inkişafına, xüsusilə də qeyri-neft sektorunda iqtisadi artımın daha da sürətlənməsinə töhfə verəcək.

Görüşdə daha sonra sahibkarlarla maliyyə institutları arasında əməkdaşlığın perspektivləri, valyuta tənzimi, qiymətli kağızlar və səhm bazarı, maliyyə əlçatanlığı və mikromaliyyə institutlarının inkişafı, nağdsız hesablaşmaların inkişafı, problemli kreditlərin restrukturizasiyası məsələləri barədə çıxışlar dinlənilib, sahibkarlar və banklar üçün aktual problemlər ətrafında geniş müzakirələr aparılıb. Həmçinin ölkədə kapital bazarlarına sağlam iştirakçıların cəlb edilməsi üçün stimullaşdırıcı tədbirlərin görülməsinin vacibliyi önə çəkilib. Bütövlükdə, real sektorla maliyyə-bank sahəsinin uğurlu əməkdaşlığı üçün cəmiyyətdə maliyyə maarifləndirilməsi işinin bundan sonra daha da intensivləşdirilməsinin yüksək əhəmiyyəti qeyd olunub.

E.Rüstəmov müzakirələrin nəticələrini ümumiləşdirərək görüşün çox faydalı olduğunu deyib. Diqqətə çatdırıb ki, burada qaldırılan məsələlər və səsləndirilən təkliflər hərtərəfli öyrəniləcək, həmin istiqamətlər üzrə birgə iş aparılacaq. Taktiki xarakter daşıyan məsələlərin həlli üzrə operativ tədbirlər görüləcək, strateji xarakter daşıyan və həlli qanunvericilik bazasının təkmilləşməsini və hökumətin qərarını tələb edən məsələlər üzrə isə Nazirlər Kabinetinə müvafiq təkliflər veriləcək. Eyni zamanda, qeyd olunub ki, bu cür görüşlər institutlaşacaq və müntəzəm surətdə keçiriləcək.

Görüşdə vurğulanıb ki, dövlətimizin başçısının irəli sürdüyü inkişaf strategiyasına uyğun olaraq bu il və qarşıdakı ortamüddətli dövr ölkədə yeni iqtisadi inkişaf modelinə keçid makroiqtisadi və maliyyə sabitliyin dayanıqlılığının qorunması, maliyyə-bank sisteminin real sektorun inkişafında rolunun artırılması baxımdan mühüm strateji horizont hesab olunur. Əminliklə bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeni nəsil islahatlar cəmiyyətin bütün təbəqələrinin iqtisadi inkişafdan, güclü və dayanıqlı maliyyə sistemindən faydalanmaq imkanlarını artıracaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.