İQTİSADİYYAT
Mərkəzi Bankda tələbə-gənclər üçün maarifləndirici təlimlər təşkil olunub
Bakı, 26 iyul, AZƏRTAC
Mərkəzi Bankda tələbə-gənclər üçün təlimlər keçirilib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Mərkəzi Bankı "Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin "Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması" adlı hədəfinin icrası ilə əlaqədar cari ilin birinci yarısında əsas hədəf qruplarından olan tələbə-gənclər üçün bir sıra maarifləndirmə tədbirləri təşkil edib.
Bu müddət ərzində bankda Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Mühəndislik Universitetinin bank işi və maliyyə üzrə bakalavr və magistr pilləsində təhsil alan bir qrup tələbəsinə maarifləndirici seminarlar keçirilib. Eyni zamanda, ali təhsil müəssisələrinin tələbələri üçün iki mərhələdən ibarət "Maliyyə savadlılığı: Peşəkar karyeraya aparan yol" adlı müsabiqə xarakterli təlimlər də təşkil olunub. Bu təlimlərdə Mərkəzi Bankın əməkdaşları, Əmanətlərin Sığortalanması Fondunun, bank və sığorta təşkilatlarının nümayəndələri tərəfindən iştirakçılara istehlakçı büdcəsinin idarə olunması, nağdsız ödənişlər, əmanətlərin sığortalanması, sığorta fəaliyyətinin əsasları, kredit işinin təşkili və bank əməliyyatları mövzuları tədris edilib.
Əlavə olaraq, Mərkəzi Bank Maliyyə Elm-Tədris Mərkəzi ilə birgə "Gənclər üçün maliyyə savadlılığı" adlı təlimlər də təşkil edib. Bu təlimlər zamanı tələbə və gənclərə maliyyə savadlılığı portalı (www.bizimpullar.az), virtual təhsil platforması (edu.cbar.az) haqqında ətraflı məlumat verilib, pul nişanlarının təhlükəsizlik elementləri və saxtakarlığına qarşı mübarizə, ailə mühasibatlığı, sığorta və qiymətli kağızlar mövzuları izah olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Həmçinin təlimlərə qoşulmuş Azərbaycan Kredit Bürosunun nümayəndələri təlim iştirakçılarına büronun fəaliyyətinə dair təqdimat keçirib.
Mərkəzi Bank "Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin icrası çərçivəsində tələbə-gənclər üçün bu səpkili təlim və seminarları, o cümlədən əhalinin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif tədbirləri bundan sonra da davam etdirəcək.