İQTİSADİYYAT
Mərkəzi Bankda tələbələr üçün seminar təşkil edilib
Bakı, 15 may, AZƏRTAC
Mərkəzi Bankda "Maliyyə və rəqəmsal texnologiyalar həftəsi" çərçivəsində rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın artırılması məqsədilə Bakı Dövlət və İqtisad universitetlərinin tələbələri üçün seminar keçirilib.
Bankdan AZƏRTAC-a bildirilib ki, seminarın mövzusu rəqəmsal ödənişlər sahəsində Avropa təcrübəsi və fintexlərin maliyyə bazarlarında rolunun iştirakçılara çatdırılması olub. Seminarda rəqəmsal bankçılıq və elektron ticarətdə çoxillik təcrübəyə malik və eyni zamanda, Avropanın aparıcı "Paysera" elektron pul təşkilatının təsisçisi və icraçı direktoru Kostas Noreika öz zəngin təcrübəsini iqtisadiyyat və IT yönümlü ixtisaslar üzrə tədris alan tələbələrlə bölüşüb.
Seminar iştirakçılarına iqtisadiyyat və maliyyə xidmətlərinin rəqəmsallaşması, innovativ ödəniş xidmətlərinin tətbiqinin genişləndirilməsi, habelə rəqəmsal ödənişlərin inkişaf istiqamətləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, maliyyə texnologiyaları – fintexlərin əhəmiyyəti vurğulanıb, müasir şəraitdə banklar və fintexlərin qarşılıqlı əməkdaşlıq məsələləri barədə məlumat verilib. Maliyyə xidmətlərini müasir texnologiya ilə birləşdirərək istifadəçilərə optimal həll üsulları təklif edən, sürətlə innovativ xidmətlərin təchizatçılarına çevrilən fintexlərin maliyyə sektoru üçün önəmi seminar iştirakçılarının diqqətinə çatdırılıb.
Seminarda, həmçinin ölkəmizdə rəqəmsal ödənişlərin inkişaf etdirilməsi istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilən layihələr haqqında ümumi məlumat verilib və nağdsız ödənişlərin ölkə iqtisadiyyatı üçün əsas faydaları açıqlanıb.
Qeyd edək ki, Mərkəzi Bank Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın strateji hədəflərinə uyğun olaraq innovativ ödəniş xidmətlərinə müxtəlif hədəf qrupları arasında məlumatlığın artırılması məqsədilə bu kimi digər tədbirlərin davamlı olaraq keçirilməsini planlaşdırır.