İQTİSADİYYAT


Mərkəzi Bankın İdarə Heyətinin geniş iclası keçirilmişdir

 Mərkəzi Bankın İdarə Heyətinin geniş iclası keçirilmişdir

Bakı, 10 fevral (AZƏRTAC). Mərkəzi Bankın İdarə Heyətinin 2013-cü ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilmişdir.

Bankın kommunikasiya departamentindən AZƏRTAC-a bildirmişlər ki, Mərkəzi Bankın struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirak etdiyi iclasda sədr Elman Rüstəmov giriş nitqi ilə çıxış etmişdir.

Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin makroiqtisadi sabitliyin və sosial-iqtisadi inkişafın dayanıqlığı barədə fikirlərinə diqqət çəkən E.Rüstəmov bildirmişdir ki, ümumilikdə, son 10 ildə həyata keçirilən müasirləşmə strategiyası və uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkədə yüksək iqtisadi artım dinamikası formalaşmış, dayanıqlı makroiqtisadi sabitlik şəraitində bu artımın “inklüziv” inkişafa, sosial rifaha və yüksək həyat standartlarına sürətli transformasiyası baş vermişdir.

Sədr demişdir ki, ölkəmiz adambaşına düşən ümumu daxili məhsulun həcminə görə 100 pillə irəliləyərək qısa zaman ərzində orta gəlirli dövlətlər qrupuna daxil olmuşdur. Dünya İqtisadi Forumuna görə, Azərbaycan ən aşağı inflyasiyaya malik 7 ölkədən biridir. Ötən ilin əlamətdar hadisələrindən biri də Azərbaycanın dünyada 40 rəqabətli ölkə arasında yer almasıdır.

Qeyd edilmişdir ki, dünyanın əksər aparıcı ölkələri hələ də böhran problemlərini aradan qaldırmağa çalışdığı bir vaxtda, Azərbaycan dayanıqlı inkişafa yönəlmiş yeni strateji vəzifələri həyata keçirməkdədir. Ölkə makroiqtisadi dayanıqlıq göstəricilərinə görə dünyada ilk onluqda qərarlaşmışdır. Milli iqtisadiyyat yüksək məşğulluq həddində fəaliyyət göstərir. Ölkədə yüz minlərlə yeni iş yerləri açılmış, regionların sosial-iqtisadi inkişafı sürətlənmişdir. 2013-cü ildə Azərbaycanın xarici iqtisadi mövqeyi daha da möhkəmlənmiş, ilkin qiymətləndirməyə görə ixracın həcmi 30 milyard ABŞ dollarını, tədiyyə balansının cari hesabında profisit isə 10 milyard dolları ötmüşdür. Milli iqtisadiyyat istənilən şokları qarşılamağa imkan verən valyuta ehtiyatlarına malikdir. Strateji valyuta ehtiyatları 50 milyard ABŞ dollarından çox olmaqla ÜDM-in 70 faizinə ekvivalentdir. Ötən il ölkə iqtisadiyyatı 5,8 faiz artım nümayiş etdirmiş, qeyri-neft iqtisadiyyatında artım 10 faiz olmuşdur.

Vurğulanmışdır ki, Mərkəzi Bank da ölkədə gedən möhtəşəm quruculuq və inkişaf strategiyasının reallaşmasında fəal iştirak etmək məqsədilə öz siyasətini tarazlı inkişafın vacib şərtləri olan makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına yönəltmiş, 2013-cü ildə aşağı inflyasiya, sabit məzənnə, bank-maliyyə sektorunda dayanıqlıq kimi mühüm hədəflərə nail olmuş, ölkədə maliyyə vasitəçiliyi genişlənmiş və şaxələnmişdir. 2013-cü ildə orta illik inflyasiya 2,4 faiz təşkil etmişdir.

İqtisadiyyatda şaxələnmə proseslərinə dəstək vermək üçün bank sektorunun maliyyə vasitəçiliyinin, habelə maliyyə infrastrukturunun inkişafını təşviq etməklə Mərkəzi Bank hökumətin iqtisadi siyasətinin uğurla həyata keçirilməsində fəal iştirak etmişdir. Maliyyə sabitliyinin idarə olunmasının çevik alətləri tətbiq olunmuş, nəticədə, iqtisadiyyata yeni verilən kreditlər üzrə orta faiz dərəcələri əhəmiyyətli dərəcədə enməyə başlamışdır.

Prezident İlham Əliyevin Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransdakı çıxışını xatırladan E.Rüstəmov diqqətə çatdırmışdır ki, həqiqətən də son illərdə Azərbaycanın bank sektoru sürətlə inkişaf etmişdir və bu gün ölkəmiz güclü bank sektoruna malikdir. Ümumilikdə, ölkə iqtisadiyyatının, xüsusilə də regionların kredit resurslarına və maliyyə xidmətlərinə çıxış imkanlarının sağlam əsasda genişlənməsinə nail olunmuşdur.

Mərkəzi Bank ödəniş infrastrukturunun inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirmişdir. Ölkədə nağdsız və elektron hesablaşmaların həyata keçirilməsinə imkan verən müasir ödəniş infrastrukturunun inkişafı daha geniş miqyas almışdır. Ödəniş sistemlərinin sabitliyi və təkmilləşdirilməsi təmin edilmişdir.

İclasda aparılan müzakirələrdə, həmçinin vurğulanmışdır ki, Mərkəzi Bankın valyuta ehtiyatları hesabat ilində 21 faiz artaraq 14,2 milyard ABŞ dollarına çatmışdır. Ölkənin tədiyyə balansında iri həcmli profisitin mövcud olması ilə əlaqədar valyuta bazarında təklifin tələbi üstələdiyi şəraitdə məzənnənin əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq və bununla qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün Mərkəzi Bank tərəfindən 2,5 milyard ABŞ dollarına yaxın həcmdə alışyönlü valyuta sterilizasiyası həyata keçirilmişdir. Nəticədə manatın ABŞ dollarına qarşı məzənnəsinin sabitliyi ötən il də qorunmuşdur.

Qlobal müstəvidə iqtisadi güc mərkəzlərinin tədricən dəyişməsi, o cümlədən inkişaf etmiş maliyyə bazarlarında davam edən aşağı gəlirlilik şəraitində Mərkəzi Bankın valyuta ehtiyatlarının idarə edilməsinin səmərəliliyinin artırılması üçün ehtiyatların valyuta, alət və coğrafi şaxələndirilməsinin genişləndirilməsi məqsədilə yeni strategiya formalaşdırılmışdır. Mərkəzi Bankda strateji plan çərçivəsində institusional inkişafın sürətlənməsinə yönəlmiş 40-a yaxın müxtəlif layihə həyata keçirilmiş, bankın fəaliyyətinin bütün istiqamətlərinin modernləşdirilməsi üzrə intensiv iş aparılmışdır.

İclasa yekun vuran E.Rüstəmov 2014-cü ildə qarşıda duran başlıca vəzifələrdən danışaraq demişdir ki, Mərkəzi Bank 2014-cü ildə də Prezident İlham Əliyevin qarşıya qoyduğu sosial-iqtisadi inkişaf hədəflərinin reallaşmasında fəal iştirak edəcək, “Sənaye ili”ndə iqtisadiyyatın şaxələnməsi, o cümlədən qeyri-neft iqtisadiyyatının sürətli inkişafı üçün zəruri monetar dəstəyini verəcəkdir. Təkrəqəmli aşağı inflyasiyanın makroiqtisadi siyasətin məqbul hədəfi olmasını nəzərə alaraq, Mərkəzi Bank hökumətin inflyasiya üzrə proqnozlarının gerçəkləşməsinə pul siyasəti vasitəsilə zəruri dəstək verəcəkdir. Bunun üçün sərəncamında olan tənzimləmə alətlərindən istifadə edərək baza inflyasiyaya təsir göstərəcəkdir.

Bütövlükdə, Mərkəzi Bank 2014-cü ildə pul siyasətini iqtisadi artım və qiymət sabitliyi arasında effektiv şəkildə tarazlaşdırmağa çalışacaq, habelə maliyyə sektorunun hərarətini tənzimləyəcəkdir. Bununla belə, inflyasiyanın səviyyəsi ən başlıca hədəf kimi qalacaqdır. Son qlobal meyillərə uyğun olaraq pul siyasəti və makroprudensial siyasətin sinxronlaşması təmin olunacaqdır. Mərkəzi Bank növbəti ildə bank sisteminin sabitliyi, riskyönümlü bank nəzarətinin inkişafı istiqamətində fəaliyyətini davam etdirəcək, bank-maliyyə sektorunun dərinliyinin artması, sektora çıxış imkanlarının təşviqi məsələlərini diqqətdə saxlayacaqdır. E.Rüstəmov demişdir: Bununla da biz dövlətimizin başçısının son çağırışına uyğun olaraq real sektorun maliyyələşdirilməsində bank sektorunun iştirakının daha da genişləndirilməsinə nail olmalıyıq.

Diqqətə çatdırılmışdır ki, nağdsız ödənişlərin miqyasının genişləndirilməsi, ipoteka mexanizminin inkişafı Mərkəzi Bankın fəaliyyətinin mühüm prioritetlərindən olacaqdır. “Hökumət Ödəniş Portalı”na dövlət qurumlarının inteqrasiyası istiqamətində işlər davam etdiriləcəkdir. Regionlarda elektron bank xidmətlərinə çıxış imkanlarının daha da artırılması təşviq olunacaq, innovativ ödəniş alətlərindən istifadənin kütləvi hal alması, nağdsız və elektron hesablaşmaların həcminin artması üçün stimullaşdırma tədbirləri həyata keçiriləcəkdir. Eyni zamanda, elektron ödəniş xidmətləri sahəsində qanunvericilik bazasının formalaşdırılması işlərinə başlanacaqdır.

Çıxışının sonunda E.Rüstəmov mövcud Strateji Plan üzrə çoxsaylı layihələrin və işlərin uğurla yekunlaşması üçün bütün resurslardan səmərəli istifadə edilməsinin vacibliyini, qarşıda duran hədəflərin reallaşmasında Mərkəzi Bankda insan kapitalının, tədqiqat və analitik bazanın, idarəetmə proseslərinin daha da müasirləşməsi və inkişafının mühüm rol oynayacağını vurğulamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.