İQTİSADİYYAT
Mərkəzi Bankın “Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi” istifadəyə verilib
Bakı, 28 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” hədəfinin və 2018-ci il 26 sentyabr tarixli Sərəncamla təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq Azərbaycan Mərkəzi Bankı tərəfindən hazırlanmış “Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi” istifadəyə verilib.
Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, istifadəçilər “axtar.bizimpullar.az” ünvanını qeyd edərək həm fərdi kompüterlərdən, həm də mobil сihazlardan sistemə daxil ola bilərlər. Maliyyə Savadlılığı portalının tərkib hissəsi olan bu sistem istifadəçilərin maliyyə məhsulları üzrə məlumatları bir mənbədən əldə etməsinə, müqayisə apararaq əlverişli məhsul və ya xidmət seçməsinə və seçim zamanı rasional qərarlar verməsinə imkan yaradır. Sistem əhalinin maliyyə xidmətlərinə çıxış imkanlarını asanlaşdırmaq və bu xidmətlərdən istifadəni stimullaşdırmaqla yanaşı, maliyyə xidmətləri bazarında rəqabətin gücləndirilməsi, təqdim olunan məhsul və xidmətlərin keyfiyyətinin artırılması, həmçinin şərtlərinin yaxşılaşdırılmasına da töhfə verəcək.
Sistemə qoşulmuş banklar əsas maliyyə məhsulları (əmanət, kredit, ödəniş kartları və sair), filial və şöbələr, ödəniş terminalları və digər xidmətlər haqqında məlumatları (şərtlər və tariflər) sistemə yerləşdirib mütəmadi yenilənməni təmin edirlər.
Mərkəzi Bank “Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi”nə bankların qoşulması işlərini gələcəkdə də davam etdirəcək.