İQTİSADİYYAT


Mərkəzi Bankın maliyyə sabitliyi hesabatı yayımlanıb

Bakı, 16 iyun, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı (AMB) strateji kommunikasiya missiyasına uyğun olaraq cəmiyyətdə adekvat iqtisadi gözləntilərin formalaşdırılması istiqamətində kommunikasiya kanalları vasitəsilə hədəf qruplarının, o cümlədən ictimaiyyətin aktiv məlumatlandırılması və maarifləndirilməsi işlərini davam etdirir. Bu xüsusda dövri olaraq təhlili və statistik hesabatlar, icmallar, bülletenlər geniş auditoriyaya təqdim olunur.

AMB-dan AZƏRTAC-a bildirilib ki, Mərkəzi Bankın əsas təhlili siyasət nəşrlərindən biri kimi pul siyasəti icmalı rüblük əsasda elektron versiyada dərc edilir. Burada qlobal iqtisadi mühit, ölkədəki makroiqtisadi proseslər, pul və məzənnə siyasəti ilə bağlı məsələlər ətraflı təhlil olunur, mühüm meyillər və nəticələr ümumiləşdirilərək oxucuların diqqətinə təqdim olunur. Bundan əlavə yarımillik əsasda elektron versiyada Rəqəmsal ödənişlər icmalının dərcinə başlanılıb. Burada ödəniş sistemləri, ödəniş kartları, rəqəmsal bankçılıq üzrə göstəricilərin təhlili aparılır, bu sahələrin inkişaf hədəfləri qeyd olunur.

Bu istiqamətdə Mərkəzi Bank tərəfindən növbəti mühüm təhlili siyasət sənədi kimi 2021-ci ilin nəticələri üzrə Maliyyə sabitliyi hesabatı hazırlanıb. Hesabatın məqsədi maliyyə sabitliyi və onun dayanıqlığını müəyyən edən amillərin hərtərəfli qiymətləndirilməsidir. Sənəddə qlobal iqtisadi şərait, yerli maliyyə institutlarının fəaliyyət göstərdiyi makroiqtisadi mühit təhlil olunub, bank sisteminin vəziyyəti, riskləri, dayanıqlığı qiymətləndirilib, eləcə də bank olmayan kredit təşkilatları, sığorta sistemi və kapital bazarları ilə bağlı təhlillər aparılıb. Hesabatın hazırlanmasında maliyyə sabitliyinin təhlili üzrə beynəlxalq təcrübədə istifadə olunan təhlil metodları, o cümlədən dinamik stress test modellərindən istifadə edilib. Ümumilikdə, maliyyə sabitliyi hesabatının hazırlanması ölkədə maliyyə sabitliyi infrastrukturunun və maliyyə sabitliyinin gücləndirilməsinə xidmət edəcək. Maliyyə sabitliyi hesabatı ən uyğun beynəlxalq təcrübələr nəzərə alınmaqla dövri əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilməklə elektron versiyada dərc olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.