İQTİSADİYYAT


Mərkəzi Bankın maliyyə savadlılığına dair vebinarları davam edir

Bakı, 10 sentyabr, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı (AMB) əhalinin maliyyə mədəniyyətinin və maliyyə savadlılığının formalaşdırılması yönündə müxtəlif maarifləndirmə tədbirlərini davam etdirir.

AMB-dən AZƏRTAC-a bildirilib ki, sözügedən maarifləndirmə tədbirləri Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə, həmçinin “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda mühüm istiqamətlərdən biri kimi müəyyən edilib. Bu işlər çərçivəsində əsas hədəf qrupları ilə yanaşı, müxtəlif müəssisə və təşkilatlarda çalışan işçi kollektivlərinin də maliyyə savadlılığının artırılması, eyni zamanda, müxtəlif peşə sahibi və mütəxəssislər arasında maliyyə savadlılığının ictimai dəyər kimi tanınması ilə bağlı tədbirlərə xüsusi önəm verilir.

Mərkəzi Bank tərəfindən sentyabrın 4-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir neçə qurumunun 30 əməkdaşı üçün “Rəqəmsal ödənişlər” və “Məsuliyyətli borclanma” mövzularında vebinar keçirilib. Vebinarda Dövlət Avtomobil Nəqliyyatı Xidməti, “Aztelekom” MMC, “Azərpoçt” MMC, “Bakı Telefon Rabitəsi” MMC, Dövlət Radiotezliklər İdarəsi, Məlumat Hesablama Mərkəzi, “Azərmarka” MMC və “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-nin əməkdaşları iştirak ediblər. Vebinarda milli ödəniş sistemləri, nağdsız ödənişlərin üstünlükləri barədə faydalı məlumatlar bölüşülüb, istehlakçının lüzumsuz borclanmaması, geri ödəyə biləcəyi həddə borclanmasına dair tövsiyələr verilib. Vebinar iştirakçıları müvafiq sahədə ən son məlumatlarla tanış olub, onları maraqlandıran suallara onlayn cavab almaq imkanı qazanıblar.

Qeyd edək ki, Mərkəzi Bank maliyyə savadlılığına dair müxtəlif mövzularla bağlı dövlət, eləcə də özəl sektor müəssisə və təşkilatlarının əməkdaşları üçün maarifləndirici vebinarların keçirilməsini bundan sonra da davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.