İQTİSADİYYAT
Mərkəzi Bankın sədri İsveçrədə beynəlxalq toplantıya qatılıb
Bakı, 5 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun da (BVF) daxil olduğu Seçki Qrupunun 30 illiyinə həsr olunmuş toplantıda iştirak etmək məqsədilə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərliyi ilə nümayəndə heyəti İsveçrənin Bad Ragatz şəhərində səfərdə olub.
AMB-dən AZƏRTAC-a bildirilib ki, tədbirin əsas məqsədi qısa və uzunmüddətli perspektivdə üzv ölkələrin beynəlxalq maliyyə münasibətləri sahəsində üzləşdiyi çağırışlara dair, həmçinin qarşıya çıxan məsələlərin həlli ilə bağlı “Bretton Woods” təsisatları ilə yaxından əməkdaşlıq imkanlarının araşdırılması və bu istiqamətdə müzakirələrin aparılmasından ibarətdir. Toplantı çərçivəsində tədbirin proqramına uyğun olaraq rəqəmsal və davamlı maliyyə məsələləri, bu sahədə üzv ölkələrin qarşılaşdıqları çağırışlar və həyata keçirilən fəaliyyətlərlə bağlı təcrübələrin bölüşdürülməsi məqsədilə “Rəqəmsal və davamlı maliyyə” mövzusunda yüksək səviyyəli seminar keçirilib. Seminarın “Rəqəmsal maliyyə” panelində, həmçinin Seçki Qrupunun iclasında AMB-nin sədri çıxış edərək, Azərbaycanda bu sahədə həyata keçirilməkdə olan layihələr barədə məlumat verib.
Səfər çərçivəsində AMB sədrinin BVF və DB-nin rəhbər şəxsləri, habelə Seçki Qrupuna üzv ölkələrin mərkəzi bank sədrləri ilə ikitərəfli görüşləri olub. Görüşlərdə əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.