ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxana “Azərbaycan Vikipediya”sında professor Şahnaz Şahbazova haqqında məqalə hazırlayıb
Bakı, 14 sentyabr, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) “Azərbaycan Vikipediya”sında texnika elmləri doktoru, dosent, Azərbaycan Respublikası Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü, Lütfi Zadənin elmi irsinə həsr olunan Soft Computinq üzrə ümumdünya konfranslarının baş katibi Şahnaz Şahbazova haqqında məqalə hazırlayıb. Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib.
Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova verilənlər bazasının idarəetmə sistemini realizə edən "Dekanat" avtomatlaşdırılmış iş yeri proqramlar paketinin yaradıcısıdır. O, 1995-ci ildə AMEA-nın Kibernetika İnstitutunun ixtisaslaşdırılmış şurasında "Relyasiya tipli verilənlər bazasında dinamikli qeyri-asılılığı təmin edən anomaliyasız emalın əməli-assosiasiv fiziki modeli" mövzusunda namizədlik dissertasiyası müdafiə edib, bir il sonra isə işlədiyi kafedrada dosent vəzifəsinə seçilib. Tədqiqat işlərini davam etdirən Şahnaz Şahbazova "Qeyri-səlis neyron şəbəkə əsasında paylanmış biliklər bazasının layihələndirilmə modelləri və metodları" mövzusunda doktorluq dissertasiyası işləyib hazırlayıb. Dissertasiya mövzusu üzrə onun 94 məqaləsi və 1 monoqrafiyası çap olunub.