ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxana Azərbaycanın Özbəkistandakı səfirliyinə milli elektron dərsliklər bazasını təqdim edib
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq çərçivəsində milli dərsliklərin elektron bazasını hazırlayaraq təqdim edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Özbəkistanın Azərbaycandakı səfirliyi ilə MEK arasındakı əməkdaşlıq çərçivəsində müxtəlif vaxtlarda kitab mübadiləsi həyata keçirilib. 2017-ci ildə Özbəkistanın tarixini, mədəniyyətini, müasir dövlət quruculuğunu əks etdirən kitablar MEK-ə hədiyyə olunaraq Diplomatik fondda bu ölkə üçün ayrılmış xüsusi guşədə yerləşdirilib. Kitabxanaya Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyətinə dair kitabların həm özbək, həm də rus dillərində elektron versiyaları hədiyyə edilib. MEK tərəfindən “Açıq kitabxana” layihə çərçivəsində ölkəmizin incəsənəti, tarixi, ənənələri, dilçiliyi ilə bağlı kitablar, o cümlədən, “Kəlağayı”, “Macarıstan türkologiyası, Georq Hazai və Azərbaycan”, İmra Madaçın “İnsanın faciəsi”, “Azərbaycan-Kolumbiya: iyirmi şeir” kitablarının elektron versiyaları Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin fonduna təqdim edilib.