ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxana Gənclər Günü münasibətilə virtual sərgi hazırlayıb
Bakı, 2 fevral, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə virtual sərgi hazırlanıb.
MEK-dən AZƏRTAC-a bildirilib ki, sərgidə gənclərə həsr edilmiş müxtəlif elm sahələrini əhatə edən nəşrlər təqdim olunur.
Virtual sərgidə “Olimp”, “Gələcək gənclərindir”, “Gənclik və zaman”, “Gəncliyin fəlsəfəsi”, “Gənclik dostlarım”, “Gənc riyaziyyatçılara kömək”, “Prezident İlham Əliyev və idmanımızın 5 ili”, “Gənc qvardiya”, “Yeni çağırışlar: müasir şəraitdə innovativ tədqiqat işlərinin təcrübi və tətbiqi əsasları” mövzusunda gənc alimlərin elmi konfransının materialları” və digər nəşrlər yer alıb.
Təqdim olunan kitablarda ümummilli lider Heydər Əliyevin bu günün təsis edilməsi ilə bağlı imzaladığı Fərman, Ulu Öndərin müxtəlif illərdə uşaq və gənclərlə bağlı tədbirlərdəki çıxışları, nitqləri və təbrikləri yer alıb. Materiallarda 2003-cü ilin oktyabrından bu günədək Prezident İlham Əliyevin ölkədə idmanın inkişafı ilə bağlı məqsədyönlü və ardıcıl fəaliyyəti əks olunub. Həmçinin Prezident İlham Əliyevin bu sahənin inkişafı yolunda keçirdiyi görüşlərdən, idmançıların və bədən tərbiyəsi sahəsində çalışanların sosial müdafiəsinin gücləndirilməsi yönündə gördüyü işlərdən, imzaladığı fərman və sərəncamlardan bəhs olunur. Nəşrlərdə gənclərin təlim-tərbiyə edilməsi yolları, ömürlərini təhsil sahəsində şam kimi əritmiş maarifçilərin həyat yolu, o cümlədən gənc alimlərin elmi konfransdakı çıxışları yer alıb.