ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxana Milli Ordumuzun 100 illik yubileyini qeyd edib
Bakı, 27 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) “Azərbaycan Xalq Cümhuriyyəti – 100 işığında Azərbaycan Silahlı Qüvvələri Günü” informasiya blokuna MEK-in töhfəsi” adlı tədbir keçirib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, kitabxananın direktoru Leyla İmanova MEK-in informasiya toplayan, mühafizə edən və paylaşan qurum olması ilə yanaşı, informasiyanı istehsal edən innovativ müəssisə olduğunu diqqətə çatdırıb. O, MEK-in Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamının icrasına töhfəsindən - milli rəqəmsal yaddaş, sərbəst elektron resurslar və informasiyanın başqa tətbiqi sahələrində əlaqələndirilmiş fəaliyyətindən danışıb.
Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Mikayıl Hüseynov Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulmuş Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi şanlı və məşəqqətli hərb yolundan danışıb. Müstəqilliyin bərpasından sonra ordu quruculuğu sahəsində aparılan məqsədyönlü siyasətdən və sürətli inkişafdan söz açan polkovnik Milli Ordumuzun döyüş hazırlığı barədə məlumat verib.
Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi Azərbaycan-Türkiyə dostluq və qardaşlığının önəmindən, hər iki ölkədə ordu quruculuğunun qədim və zəngin tarixə malik olmasından danışıb.
Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti məzunlarının hazırladığı “Günlər” filmi nümayiş olunub.
Daha sonra “Vətən uğrunda vuruşmuş Azərbaycan əsgərinə və əlilliyi olan insanlara dəyər verən və sayğı münasibəti formalaşdıran qısametrajlı filmin yaradılmasına görə” filminin yaradıcı qrupuna təşəkkürnamə təqdim edilib.
Tədbirdə MEK-in Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Səndən qeyri biz hamımız ölə billik!” şüarı altında “Vətənim Azərbaycan” mövzusunda keçirdiyi şeir qiraəti müsabiqəsinin final iştirakçılarının çıxışları da təqdim olunub.
Tədbirin sonunda Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzinin rəhbərliyi adından MEK kollektivinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə "Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işində fəal iştirakına görə" fəxri diplom təqdim edilib.
Tədbirdə “Milli Ordumuz-100” adlı videoçarx nümayiş olunub.