ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxana beynəlxalq konfransda təmsil olunub
Bakı, 29 noyabr, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları Surə Məmmədova, Aytən Xudiyeva, Gülarə Səbzəliyeva və Xəyalə Kərimova Türkiyənin Antalya şəhərində keçirilən “ANKOSLink 2021” beynəlxalq konfransında iştirak ediblər.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində “ANKOS”un prezidenti Güssün Güneşə, Antalya Elm Universitetinin rektoru professor İsmail Yüksekə və Kırıkkale Universitetinin kitabxanasına Mərkəzi Elmi Kitabxana tərəfindən tərtib edilən və 2021-ci ildə çap olunan “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi” biblioqrafik göstərici, “Qarabağ”, “Qədim Şuşa”, “Nizami Gəncəvi” (2 cildlik), “Qobustan” kitabları hədiyyə edilib. Gələcək tərəfdaşlığa dair müzakirələr aparılıb.
Qeyd edək ki, “ANKOSLink 2021” kitabxana informasiya texnologiyaları, məlumat bazaları, elektron xidmətlər, beynəlxalq nəşriyyatlardan verilənlər bazasına abunəlik, yeni kitabxana xidmətləri və mövcud xidmətlərin inkişafı üçün şərait yaradan beynəlxalq konfransdır. “Rəqəmsal informasiya strukturlarında yeni nəsil həlləri” mövzusunu əhatə edən konfransa dünyanın müxtəlif ölkələrindən 500-dən çox kitabxana-informasiya mütəxəssisi qatılıb.