ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxana qazilərə və şəhid ailələrinə ödənişsiz xidmət göstərəcək
Bakı, 13 oktyabr, AZƏRTAC
2021-ci il oktyabrın 15-dən etibarən xidmət sahəsini bərpa edən AMEA-nın Mərkəzi Elmi Kitabxanası oxuculara yeniliklər təqdim edəcək. Belə ki, MEK-də ilk dəfə olaraq AMEA-nın əməkdaşları, magistrantları, dissertantları və doktorantları, Qarabağ və Vətən müharibəsi qaziləri, habelə şəhid ailələri və veteranların ailələri, eləcə də yaşı 75-dən yuxarı olan şəxslər üçün oxu zallarından, kitab və kitabxana fondlarına məxsus sənədlərdən istifadə ödənişsiz əsaslarla həyata keçiriləcək.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu barədə MEK-in baş direktoru, professor Məmməd Əliyev məlumat verib.
Baş direktor bildirib ki, oktyabrın 15-i MEK-in açılışına ilk gələn oxucuya birillik oxucu kartı hədiyyə olunacaq. Oxucu kartının hədiyyə olunması ilə bağlı təşəbbüsün həyata keçirilməsində əsas məqsəd oxucuların kitaba olan həvəsini artırmaqdır. Oxucuların kitabxanadan istifadəsini asanlaşdırmaq üçün xüsusi təlimat kitabçası da hazırlanıb.