ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxana və Şamaxı Astrofizika Rəsədxanası arasında müqavilə imzalanıb
Bakı, 20 may, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) və Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, müqaviləni MEK-in baş direktoru professor Məmməd Əliyev və Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru AMEA-nın müxbir üzvü Namiq Cəlilov imzalayıblar.
Tədbirdə çıxış edən Məmməd Əliyev rəhbərlik etdiyi kitabxananın beynəlxalq və yerli əməkdaşlıq əlaqələrindən danışıb. Baş direktor AMEA-nın müəssisə və elmi-tədqiqat institutları ilə birgə çalışmağın, əməkdaşlığın nə dərəcədə səmərəli olduğunu qeyd edib. Həyata keçirilən sıx əməkdaşlığın nəticəsi kimi yaxın zamanlarda AMEA-da çalışan gənc mütəxəssislərin MEK-də keçirilən “Vikipediya” təlimlərinə cəlb olunacaqları diqqətə çatdırılıb.
Namiq Cəlilov MEK-in dəstəyini yüksək qiymətləndirərək, iki müəssisə arasında imzalanan müqavilənin gənc mütəxəssislərin, alimlərin elmi işlərində, təcrübə paylaşımında əvəzsiz rol oynayacağını qeyd edib. Vurğulanıb ki, yaradılmış verilənlər bazası vasitəsilə fundamental elm sahələrindəki yenilikləri izləmək mütəxəssislərin işini daha da asanlaşdıracaq.
Şamaxı Astrofizika Rəsədxanasının kitabxanasında elektron kataloq yaratmaq məqsədilə imzalanan sazişə əsasən, kitabxanada tətbiq edilən İRBİS 64+AKİS-in (Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi) işinə mütəmadi olaraq MEK tərəfindən Avtomatlaşdırma və proqram təminatı şöbəsinin mütəxəssisləri texnoloji dəstək verəcək. Müqavilədə, həmçinin Şamaxı Astrofizika Rəsədxanasının elmi kitabxanasının verilənlər bazalarının MEK-in saytında oxucuların onlayn istifadəsinə təqdim edilməsi qeyd olunub. Sənədə əsasən iki qurumun birlikdə elmi konfrans və seminar, təlim və təcrübələr keçirməsi, eyni zamanda, yeni layihələrə imza ataraq birgə tədqiqatların aparılması da nəzərdə tutulur.